“Vətəndaş kanata minməzdən əvvəl onun təhlükəsizliyini müəyyən qədər özü də qiymətləndirə bilər. Ən azı insanın təhlükəsizliklə bağlı müəyyən anlayışı olmalıdır. Məsələn, uşaq belə atası ilə yolda gedərkən təhlükəli bir vəziyyət gördükdə bunu hiss edib atasına bildirir. İnsanların təhlükəsizlik anlayışı və riskləri qiymətləndirmək bacarığı müəyyən təcrübə əsasında formalaşır”.
Bu sözləri “Yeni Sabah”a təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev deyib. “Şəki yaylası” adlanan ərazidə kanatın trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsindən danışan ekspert bu cür əyləncə qurğularında təhlükəsizlik məsələlərinə diqqət çəkib:
“Kanata minməzdən əvvəl vətəndaş ilk növbədə üzərindəki təhlükəsizlik kəmərinə, troslara və bağlantı hissələrinə diqqət yetirməlidir. Çünki bu, sadə karusel tipli atraksion deyil. Karuseldə insan oturacaqda yerləşir və xüsusi konstruksiya ilə qorunur. Kanatda isə əsas təhlükəsizlik elementləri tros, bağlantılar və insanın özünün bu qaydalara əməl etməsidir. pizza
Bu baxımdan, kanata minməzdən əvvəl bağlantı yerlərinin möhkəmliyinə, trosun bütövlüyünə və onun hər hansı hissəsində boşalma və ya qopma olub-olmamasına diqqət yetirmək vacibdir. Trosun bağlantı hissələri də mütləq yoxlanılmalıdır.
Baş vermiş hadisə ilə bağlı hazırda prokurorluqda araşdırma aparılır. Ona görə də ekspertiza nəticələri olmadan konkret nasazlıq və ya hər hansı şəxsin təqsiri barədə fikir bildirmək düzgün olmaz.
Trosun qırılması hadisənin necə baş verdiyini göstərə bilər. Lakin trosun niyə və hansı səbəbdən qırıldığı ayrıca araşdırılmalıdır”.
Ekspert vurğulayıb ki, kanatın təhlükəsizliyinə görə əsas məsuliyyət qurğunu istismar edən müəssisənin üzərinə düşür:
“Ümumiyyətlə, kanat sisteminin təhlükəsiz istismarına ilk növbədə qurğunu işlədən müəssisə cavabdehdir. Müəssisə məsul şəxs təyin edir və həmin şəxsə müvafiq vəzifələr həvalə olunur. Buraya hazırlıqlı operatorla işləmək, operatorun müvafiq təlim və attestasiyadan keçməsini təmin etmək, texniki xidmət və texniki baxışları təşkil etmək daxildir. Bunlar müəssisənin gündəlik nəzarət öhdəlikləridir.

Atraksionların texniki təhlükəsizliyinə dövlət nəzarətini isə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu həyata keçirir. Dövlət nəzarəti müəssisənin gündəlik nəzarət öhdəliyini əvəz etmir. Burada söhbət dövri, planlı və növbədənkənar yoxlamalardan gedir. Yoxlama zamanı hər hansı qüsur aşkar edilərsə, qurğunun fəaliyyəti dayandırıla və ya icrası məcburi olan göstəriş verilə bilər.
Yoxlamaların hansı aralıqlarla aparılmasına gəlincə, gündəlik baxışla dövri texniki müayinəni fərqləndirmək lazımdır. Gündəlik baxış keçirilməsi tələb olunur. Praktik olaraq, bu baxış ziyarətçilər qurğudan istifadə etməzdən əvvəl təlim keçmiş şəxslər tərəfindən aparılmalı və nəticələri qeydə alınmalıdır. Bu mərhələdə əsasən vizual inspeksiya həyata keçirilir. Bundan əlavə, daha geniş texniki yoxlamalar və dağıdıcı olmayan nəzarət üsulları da mövcuddur.
İlkin vizual inspeksiya zamanı gözlə görünən hər hansı uyğunsuzluq və ya qüsur aşkar edilərsə, istismar prosesi dərhal dayandırılmalıdır”.
S.Nəbiyev deyib ki, illik texniki yoxlama yalnız minimum tələbdir və atraksionların təhlükəsizliyi ilboyu müntəzəm nəzarətdə saxlanılmalıdır:
“Mövcud yanaşmaya görə, atraksionlar ən azı 12 aydan bir texniki yoxlamadan keçirilməlidir. Lakin bu, ildə bir dəfə yoxlama aparılmasının kifayət etdiyi anlamına gəlmir. Bu, dünya təcrübəsindən irəli gələn minimum yanaşmadır. Tros, kanat, lift və digər qaldırıcı qurğular ildə ən azı bir dəfə yoxlanmalıdır.
Təhlükəsizliyə təsir edən təmir, dəyişiklik və ya hər hansı müdaxilədən sonra qurğu yenidən istifadəyə verilməzdən əvvəl əlavə yoxlamaların aparılmasının zəruriliyi də qiymətləndirilməlidir. Konkret müayinə və sınaq proqramı qurğunun növünə və istismar şərtlərinə uyğun müəyyən edilməlidir.
Mexanikləşdirilmiş atraksionun texniki pasportu, tələb olunan qeydiyyatı və istismara buraxılma sənədləri olmalıdır. Operatorun hazırlığı və attestasiyası təmin edilməli, istifadəçilər təhlükəsizlik qaydaları barədə təlimatlandırılmalıdır.
Attestasiya zamanı operatorun biliklərinin, əməliyyat prosedurlarının və texniki təhlükəsizlik qaydalarının mənimsənilməsi qiymətləndirilir. Sənədlərin mövcudluğu isə qurğunun həmin gün faktiki olaraq təhlükəsiz vəziyyətdə olmasını yoxlamaq zərurətini aradan qaldırmır. Yəni sənədlər qaydasında ola bilər, amma qurğu yenə də istismara yararsız vəziyyətdə ola bilər”.
O, bildirib ki, təhlükəsizlik yoxlaması yalnız trosun vəziyyəti ilə yekunlaşmamalıdır, kanatın bütün əsas konstruktiv və idarəetmə hissələrini əhatə etməlidir:
“Dayaqlar, birləşmə nöqtələri, əyləc və idarəetmə sistemləri, qoruyucu sistemlər və digər komponentlər birlikdə yoxlanılmalıdır. Tələb olunan hallarda dağıdıcı olmayan nəzarət üsullarından istifadə edilməli, aşınmış komponentlər müəyyən edilmiş meyarlara uyğun olaraq dəyişdirilməlidir.
Bundan başqa, icazə verilən çəki limiti, külək və digər hava şəraiti ilə bağlı məhdudiyyətlərə əməl olunmalıdır. Hər istifadədən əvvəl təhlükəsizlik kəmərlərinin düzgün bərkidilməsi yoxlanılmalıdır.
Qurğunun növünə uyğun olaraq qəza zamanı dayandırma və təhlükəsiz təxliyə imkanları, hündürlükdən xilasetmə planı, zəruri avadanlıq və hazırlıqlı heyət olmalıdır. Burada xilasetmə planını icra edəcək xüsusi xilasetmə dəstəsinin olması vacibdir.
Təhlükəsizliyə təsir edən hər hansı nasazlıq aşkarlandıqda fəaliyyət dayandırılmalı və təhlükəsiz vəziyyət təsdiqlənmədən qurğu yenidən istismara buraxılmamalıdır.
Əsas prinsip ondan ibarətdir ki, texniki yoxlama sadəcə sənəddə imza ilə yekunlaşmamalıdır. Bu yoxlama insan həyatını qorumağa yönəlmiş real və effektiv nəzarət mexanizmi olmalıdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız