“Əvvəllər hamı eyni adətlə toy edirdi, indi isə hər şey ssenariləşib. Bəzən toyların ssenarisini toy sahibləri yox, toy təşkilatçıları yazır. Onların arasında gürcü, rus və başqa millətlərdən olan təşkilatçılar da var. Tam əmin olduğum gürcü və rus təşkilatçılarıdır. Onlar da öz adətlərinə uyğun bəzi elementlər əlavə edirlər. Dilimizi və adətlərimizi bilməyən toy təşkilatçılarımız çoxdur. Buna görə də ssenariləşdirilmiş toyların sayı artıb”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında şairə Nazilə Səfərli deyib.
O, köhnə və yeni toy məclislərindən və fərqlərdən danışıb: Marqarita pizza
“Qabaq deyirdilər ki, elin adəti budur, bu da olmalıdır və məsələ bununla bitirdi. İndi vəziyyət başqadır. Artıq "toy təşkilatçısı" yox, "toyun rejissoru" deyirlər. Hamı da obraza girir, rejissor nə deyirsə, onu edir”.
N.Səfərli qədim adətləri daha çox bəyəndiyini bildirib:
“İndiki toylar da pis deyil, amma hamısı ilə razılaşmıram. Əvvəllər toy edəndə sən qabağa düşürdün, indi isə elə bil toy sənə toy tutur. İnsan arzu edirdi ki, toyuna, məsələn, Nazpəri, Nazənin, Brilliant, Röya, Aygün kimi sənətçilər gəlsin. Bu, bir arzu idi. İndi isə toy təşkilatçısı sənin bəyəndiyin müğənnini tanımırsa, deyir ki, "Bunun bizim toyda nə işi var?" və toy sahibini asanlıqla fikrindən daşındıra bilir. Bir sözlə, toy bizə toy tutur”.
O, fikirlərinə belə davam edib:
“Əvvəllər toy olurdu, gəlin 40 gün evdən çölə çıxmırdı. 40 gün tamam olandan sonra qayınana gəlini qohum-qonşuya tanıdır, cəmə-cərgəyə qatırdı. İndi isə toy bu gün olur, gecə bitən kimi, hətta bəzən səhərə yaxın təyyarəyə minib bal ayına gedirlər. Bu ənənələr artıq əvvəlki kimi önəm daşımır.
Yengə mövzusu da demək olar ki, yox olmaq üzrədir. Toydan əvvəl oğlanla qız öz aralarında razılaşırlar. Qızın hansısa çatışmazlığı varsa, onu da öz aralarında həll edib evlənirlər. Böyükləri bu məsələlərə qatmaq istəmirlər. Əvvəllər böyüklərin ixtiyarı olurdu ki, gəlib desinlər ki, balam, göstər görək, "üzün" ağdır ya qaradır? İndi isə bunu etmək mümkün deyil. Yengə adəti qalıbsa da, yalnız bəzi rayonlarda və kəndlərdə qalıb. Ümumilikdə ölkə üzrə demək olar ki, bu ənənə bitib.
İndi isə elə bil evlənənlərə əvvəlcədən müddət qoyurlar ki, bu evlilik neçə ay, neçə il davam edəcək. Bunlar yaxşı hallar deyil. Həmçinin yalnız uşaq sahibi olmaq üçün evlənənlərin sayı da artıb. Məncə, bu da yaxşı bir şey deyil”.

Müğənni Xuraman Şuşalı “Yeni Sabah”a danışarkən toylarda dəyişən bir sıra məqamları diqqətə çatdırıb:
“Mən düşünürəm ki, son illər toylarımızdan "Vağzalı" yavaş-yavaş yığışdırılır. İstərdim ki, bu heç vaxt baş verməsin. Çünki "Vağzalı" elə bir musiqidir ki, onu nə başqa cür aranjman etmək, nə də adını dəyişmək olar. Bu, bizim milli toy ənənəmizin ayrılmaz hissəsidir və çox gözəldir. Düşünürəm ki, "Vağzalı"mızı qorumalı, onu toylarımızdan heç vaxt uzaqlaşdırmamalıyıq. Bununla yanaşı, hesab edirəm ki, toylarımızda israfçılıq həddindən artıq çoxdur. Süfrələrə lazım olandan qat-qat artıq yeməklər düzülür. Elə olur ki, bir masada mayonezli salatlardan tutmuş kababa, aşa qədər hər şey birlikdə təqdim edilir. Halbuki insanın mədəsi bu qədər qarışıq yeməyi qəbul etmir. Nəticədə həm çoxlu yemək israf olunur, həm də toy sahibi böyük xərcə düşür. Məncə, hər toy edən insan bu xərclərdən qazanc və ya xeyir görmür”.
Sənətçi bildirib ki, əvvəllər toylarımızda qonaqlara söz vermək ənənəsi daha geniş yayılmışdı amma indi də bəzi məclislərdə bu davam edir, amma əvvəlki qədər deyil:
“Məncə, bunun azalması müsbət haldır. Çünki kim ürək sözünü demək istəyirsə, gəlin və bəyə yaxınlaşıb onları təbrik edə bilər. Bu zaman nə toyun vaxtı uzanar, nə də proqramda boşluqlar yaranar. Düzdür, bu, bəzi məclis aparıcılarının maraqlarına uyğun olmaya bilər. Çünki söz verildikcə onlara daha çox şabaş verilir. Amma mən hesab edirəm ki, əsas olan böyüklərin xeyir-duasını almaqdır. Qonaq toya gəlibsə, artıq məclis sahibinə hörmətini göstərmiş olur”.
X.Şuşalı onu da vurğulayıb ki, toy hər şeydən əvvəl gözəllik və səmimiyyət üzərində qurulmalıdır:
“Bu gün gəlin və bəyin ən xoş günlərindən biridir, eyni zamanda valideynlərin uzun illər arzuladığı bir gündür. Ona görə də həmin gün gözəl keçməlidir. Amma bunun üçün mütləq israfa yol vermək lazım deyil. Havaya xərclənən pullar əvəzinə həmin vəsait gənclərin gələcəyi üçün istifadə olunsa daha faydalı olar. Məsələn, ev almağa, yeni ailənin büdcəsinə və ya onların gələcək planlarına sərf edilsə, daha doğru olar”.
Aytac Əliyeva
Telegram kanalımız