İş yerində mühüm dəyişiklik:   Artıq ərizə şərt deyil

saytların hazırlanması

Evə çatdırılma

İş yerində mühüm dəyişiklik: Artıq ərizə şərt deyil

İqtisadiyyat

01 Oktyabr 2026 15:56 284


2026-cı ildən əmək münasibətlərində mühüm yeniliklərdən biri işəgötürənin müəyyən şərtlər daxilində işçinin ərizəsini gözləmədən onu əmək məzuniyyətinə göndərə bilməsidir.

“Yeni Sabah” xəbər verir ki, bu yenilik Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-1-ci hissəsində əksini tapıb. Yeni qaydaya əsasən, müəyyən hallarda işəgötürənin işçinin məzuniyyətə çıxması üçün ayrıca ərizə gözləməsinə ehtiyac qalmır.

Belə ki, işəgötürən aşağıdakı şərtlər olduqda işçini əmrlə, sərəncamla və ya qərarla məzuniyyətə göndərə bilər: Dördpendirli pizza

müəssisədə əmək məzuniyyətlərinin növbəlilik cədvəli hazırlanıb;

işçinin məzuniyyət vaxtı həmin cədvələ əsasən müəyyən edilib;

işçiyə məzuniyyət barədə əvvəlcədən yazılı xəbərdarlıq edilib;

işçi məzuniyyətin başqa vaxta keçirilməsi üçün qanuni qaydada müraciət etməyib;

işçi məzuniyyətə çıxmaq üçün ərizə verməyib.

Bu şərtlər mövcud olduqda işəgötürən işçinin ərizəsini gözləmədən əmr verərək onu həmin iş ili üzrə əmək məzuniyyətinə göndərə bilər.

Məsələn, 2026-cı il üçün tərtib edilən növbəlilik cədvəlinə əsasən, işçinin məzuniyyəti 1 iyuldan 30 iyuladək müəyyən edilibsə və işəgötürən bu barədə ona əvvəlcədən yazılı məlumat veribsə, işçi nə məzuniyyətə çıxmaq üçün ərizə verib, nə də tarixinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Bu halda işəgötürən əmr verərək işçini məzuniyyətə göndərə bilər.

İşçi məzuniyyətə çıxmaqdan imtina edə bilər?

Əmək məzuniyyəti işçinin istədiyi halda illərlə təxirə sala biləcəyi hüquq kimi nəzərdə tutulmayıb. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəgötürənin işçiyə əmək məzuniyyəti verməməsi də qadağandır.

Yeni 138.2-1-ci maddənin tətbiqində əsas məqsədlərdən biri işçilərin istifadə etmədikləri məzuniyyət günlərinin uzun illər ərzində yığılmasının qarşısını almaqdır. Lakin bu dəyişiklik işəgötürənə işçini istədiyi vaxt məzuniyyətə göndərmək hüququ vermir. Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən, əmək məzuniyyətlərinin növbəlilik cədvəli yanvar ayının sonunadək tərtib edilə bilər. Cədvəl həmkarlar ittifaqının iştirakı ilə, belə təşkilat olmadıqda isə işçinin rəyi nəzərə alınmaqla işəgötürən tərəfindən təsdiq edilir.

Eyni zamanda, məzuniyyətin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla qarşılıqlı razılıq əsasında başqa vaxta keçirilə bilər. Əmr ən azı 5 gün əvvəl verilməlidir. Məzuniyyətlə bağlı digər mühüm tələb də qüvvədə qalır. Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, məzuniyyət barədə əmr məzuniyyətin başlanmasına azı 5 gün qalmış verilməli və işçi həmin əmrlə tanış edilməlidir. Məsələn, məzuniyyətin başlanma tarixi 20 avqust 2026-cı il müəyyən edilibsə, bununla bağlı əmr ən geci 15 avqustda verilməlidir. İşəgötürənin 19 avqustda əmr verərək işçiyə “sabahdan məzuniyyətdəsən” deməsi qanunun nəzərdə tutduğu qaydaya uyğun deyil.

Adi halda məzuniyyətin rəsmiləşdirilməsi belə həyata keçirilir: işçi ərizə verir, işəgötürən əmr verir və işçi məzuniyyətə çıxır. Yeni xüsusi qaydada isə proses fərqlidir: növbəlilik cədvəli → yazılı xəbərdarlıq → işçinin məzuniyyətin başqa vaxta keçirilməsi üçün müraciət etməməsi → işəgötürənin əmri → məzuniyyət.

Beləliklə, 2026-cı ildən qüvvəyə minən dəyişiklik işçinin ərizəsi olmadan məzuniyyətin rəsmiləşdirilməsinə yalnız qanunda nəzərdə tutulan xüsusi şərtlər daxilində imkan verir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!