Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, anunvericiliyə edilən yeni dəyişikliyə əsasən, Mərkəzi Bankın tənzimləmə və nəzarət səlahiyyətləri təkcə ayrı-ayrı maliyyə institutları ilə məhdudlaşmayacaq, həm də onların daxil olduğu maliyyə qruplarına şamil ediləcək.
Sənədə görə, qanunun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını tənzimləyən 48-1-ci maddəsi tamamilə yeni redaksiyada təqdim olunub. Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) Azərbaycan üzrə 5-ci raund qiymətləndirilməsi hesabatında Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 26-cı və 27-ci tövsiyələrinə uyğun olaraq hazırlanıb. pizza hut
Yenilənmiş normativ çərçivəyə əsasən, Mərkəzi Bank tərəfindən bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə bütün qrupu əhatə edən konsolidasiya olunmuş nəzarət həyata keçiriləcək.
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.
Nazim Hacıyev
Telegram kanalımız