Bu gün AFFA İntizam Komitəsinin iclasında "Zirə" - "Neftçi"nin oyunundakı hadisələrlə bağlı böyük cərimələr kəsilib.
"Yeni Sabah" xəbər verir ki, Misli Premyer Liqası 28-ci turunun həmin oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
“Zirə”nin məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klub 2000 manat ziyana düşüb.
Oyunu bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba “Zirə” 3000 manat cərimə yazılıb.
“Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat, baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza və 5000 manat cərimə alıb.
Oyun bitdikdən sonra “Neftçi”nin məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanlb, “Neftçi” 5000 manat cərimə edilib.
Oyunun 90+5-ci dəqiqəsində “Neftçi”nin 33 nömrəli futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, üstəlik “Neftçi” 3000 manat cərimələnib.
Oyunda “Neftçi” komandasının azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000, oyunda “Neftçi” azarkeşləri meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” 4500 manat cərimə edilib.
Beləliklə, "Neftçi" klubuna ümumilikdə 26 min 200 manat, "Zirə"yə isə 5700 manat cərimə kəsilib.
Telegram kanalımız