Fransada bir aydan çoxdur davam edən şagird və tələbələrin etirazları hökuməti yeni qərarlar hazırlamağa vadar edib. Prezident Emmanuel Makron isə etirazlar və qarət hadisələri ilə gündəmə gələn Marsel şəhərinə gözlənilməz səfər edib.
“Yeni Sabah” xəbər verir ki, sentyabr ayından bəri Fransada orta məktəb və universitet tələbələrinin etirazları davam edir. Baş nazir Sebastyan Lekorn bu gün tələbə təşkilatlarının nümayəndələri ilə görüşəcək. Hökumətin təhsil sistemində dəyişiklikləri nəzərdə tutan yeni islahatlar paketi açıqlayacağı gözlənilir. Hazırlanan dəyişikliklər əsasən universitetlərə qəbul sisteminin yenilənməsini, təhsil şəraitinin yaxşılaşdırılmasını və müəllim çatışmazlığının aradan qaldırılmasını əhatə edir.
Tələbələr təhsilə 10 milyard avro ayrılmasını istəyir Sezar pizza
Fransa Prezidenti Emmanuel Makron cümə günü tələbə nümayəndələri ilə görüşüb. O, universitetlərə qəbul sisteminin əsaslı şəkildə dəyişdirilməsinin vacibliyini qəbul edib. Tələbələr isə mövcud qəbul sisteminin tamamilə ləğv olunmasını, universitetlərdə yerlərin sayının artırılmasını və təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər.
“Les Lycéens!” adlı tələbə təşkilatı orta məktəb və universitet təhsilinə əlavə 10 milyard avro ayrılmasını istəyir. Təşkilatın rəhbəri Pyer Sürza hökumətin konkret addımlar atmalı olduğunu bildirib. “Əgər açıqlanan qərarlar gözləntilərimizi qarşılamasa, etiraz çağırışlarımızı davam etdirəcəyik”, – deyə o bildirib. Tələbə təşkilatları, həmçinin orta məktəblərdə keçirilən etirazlar zamanı polisin gözyaşardıcı qazdan, plastik güllələrdən və səs qumbaralarından istifadə etməsinin qadağan olunmasını tələb edir.
100 mindən çox gənc fikrini bildirib
Hökumət gənclərin üzləşdiyi problemləri müəyyənləşdirmək üçün oktyabrın 5-dən 23-dək internet üzərindən sorğu keçirib. Sorğu zamanı 100 mindən çox rəy toplanıb. Gənclərin əsas narazılıqları müəllim çatışmazlığı, siniflərdə şagird sayının çoxluğu, məktəb binalarının vəziyyəti və dərs cədvəlləri ilə bağlıdır. Təhsil naziri Eduar Jefre daha əvvəl 3 min ehtiyat müəllimin işə cəlb olunması üçün hazırlıqlara başlanıldığını açıqlamışdı. Bununla belə, yeni qaydaların detalları hələ dəqiqləşməyib. Baş nazirin tələbə nümayəndələri ilə görüşündən sonra təhsil və ali təhsil nazirlərinin mətbuat konfransı keçirəcəyi gözlənilir. Hökumətin qarşısında maliyyə çətinlikləri də var. Fransanın dövlət borcu ölkənin ümumi daxili məhsulunun 119 faizinə çatıb.
Makron etirazların baş verdiyi Marselə gedib
Tələbələrin tələblərinə cavab axtarıldığı bir vaxtda Prezident Emmanuel Makron bu gün Marsel şəhərinə gözlənilməz səfər edib. Prezident oktyabrın 17-də baş verən zorakılıq və qarət hadisələrindən sonra şəhərdə ictimai qaydanın bərpa olunduğunu göstərmək istəyir. Makronun hadisələr zamanı zərər görən bələdiyyə binasına baş çəkməsi, qarətdən zərər çəkən sahibkarlarla görüşməsi və təhlükəsizlik qüvvələrinə təşəkkür etməsi nəzərdə tutulub. Oktyabrın 17-də baş verən hadisələr zamanı ictimai qaydanın qorunmasında yaranan problemlər Makrona qarşı tənqidlərə səbəb olub. Prezident böhranın ilk günlərində Körfəz ölkələrinə səfərini davam etdirdiyinə görə də müxalifətin narazılığı ilə üzləşib.
Oktyabrın 31-də və noyabrın 5-də yeni etirazlar gözlənilir
Fransada etirazların yaxın vaxtlarda başa çatacağı gözlənilmir. “Sarı jiletlilər” hərəkatı oktyabrın 31-də yeni nümayişlər keçirməyə çağırıb. Həmkarlar ittifaqları isə noyabrın 5-də dövlət və özəl sektor işçilərinin iştirakı ilə ölkə üzrə tətil və nümayişlər təşkil etməyə hazırlaşır. Daxili işlər naziri Loran Nyunez oktyabrın 31-də yenidən kütləvi etirazların keçiriləcəyini gözlədiklərini bildirib. Onun sözlərinə görə, həmin gün təhlükəsizlik baxımından çətinliklər yarana bilər. Universitetlər də islahatlarla bağlı müzakirələrə qoşulub. Ölkənin 117 ali təhsil müəssisəsini təmsil edən “France Universités” təşkilatı “Parcoursup” qəbul sisteminin ləğvinin qısa müddətdə ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatın fikrincə, əsas problem universitetlərə qəbul sistemi deyil. Bəzi ixtisaslarda yerlərin az olması və ali təhsilə kifayət qədər vəsait ayrılmaması əsas çətinliklərdəndir. Hökumətin bu gün açıqlayacağı qərarların bir aydan çoxdur davam edən etirazları dayandırmağa kifayət edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız