18 yaşına çatmamış şəxslərin işə götürülməsi və əmək şəraiti ilə bağlı işəgötürənlər üçün bir sıra məcburi tələblər müəyyən edilib.
“Yeni Sabah” xəbər verir ki, əmək qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların hüquq və təhlükəsizliyinin qorunması üçün xüsusi şərtlərə əməl olunmalıdır.
Belə ki, 15-18 yaş arası şəxslərlə əmək müqaviləsi bağlanması üçün valideynlərindən, övladlığa götürənlərindən, qəyyumlarından və ya onları qanunla əvəz edən şəxslərdən birinin yazılı razılığı tələb olunur. Razılıq “Əmək və Məşğulluq” altsisteminə daxil edilmədikdə əmək müqaviləsi qəbul edilmir. Məişət texnikası
Bundan başqa, yaşı 18-dək olan işçilər üçün sınaq müddəti müəyyənləşdirilə bilməz. İşəgötürən onların əmək və peşə vərdişlərinin artırılması üçün əlavə şərtlər və öhdəliklər nəzərdə tutmalıdır. İş günü ərzində peşə hazırlığına sərf olunan vaxt isə işəgötürənin razılığı ilə iş vaxtı hesab edilir.
Qanunvericiliyə görə, bu kateqoriyadan olan işçilərin attestasiyasının keçirilməsi də qadağandır.
Azyaşlı işçilərin gecə növbəsinə, iş vaxtından artıq işlərə, istirahət və bayram günlərində görülən işlərə cəlb edilməsinə, eləcə də ezamiyyətə göndərilməsinə yol verilmir.
Onların iş vaxtı da yaş həddinə uyğun məhdudlaşdırılıb. Belə ki, 16 yaşınadək olan şəxslər həftədə maksimum 24 saat, 16-18 yaş arası şəxslər isə maksimum 36 saat işləyə bilərlər.
Əmək məzuniyyətinin müddəti də digər işçilərdən fərqlənir. 16 yaşınadək şəxslərə azı 42 təqvim günü, 16 yaşından 18 yaşınadək olanlara isə azı 35 təqvim günü əmək məzuniyyəti verilməlidir.
Bəzi iş yerlərində azyaşlıların çalışması isə qəti şəkildə qadağandır.
Belə ki, 18 yaşına çatmamış şəxslərin ağır və zərərli əmək şəraiti olan müəssisələrdə, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə çalışmasına icazə verilmir.
Həmçinin onların mənəvi inkişafına mənfi təsir göstərə biləcək gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması ilə bağlı işlərə cəlb edilməsi qadağandır.
Bundan əlavə, azyaşlıların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yarada biləcək digər işlərdə də əməyindən istifadə oluna bilməz.
Aytac Əliyeva
Telegram kanalımız