Payız gələn kimi bir çox insan saç darağında, yastıqda və duşdan sonra əvvəlkindən daha çox saç görməyə başlayır. Bəziləri bunu havaların soyuması, bəziləri isə vitamin çatışmazlığı ilə əlaqələndirir. Bəs həqiqətən payız saç tökülməsini artırırmı?
“Yeni Sabah” xəbər verir ki, elmi araşdırmalar insan saçının böyümə və tökülmə prosesində mövsümi dəyişikliklərin olduğunu göstərir. Saç follikulları il ərzində eyni ritmdə fəaliyyət göstərmir və bəzi dövrlərdə daha çox saç “istirahət” mərhələsinə keçir.
Saçın həyat dövrü əsasən üç mərhələdən ibarətdir: böyümə, keçid və istirahət. İstirahət mərhələsi başa çatdıqda saç tökülür və follikul yeni saçın böyüməsinə hazırlaşır. pizza
1991-ci ildə aparılan araşdırmada sağlam kişilərin saç dövrü 18 ay ərzində izlənilib. Tədqiqat zamanı saçların böyümə mərhələsində olan follikulların payının sentyabr ayında ən aşağı səviyyəyə düşdüyü, tökülən saçların sayının isə avqust-sentyabr aylarında artdığı müşahidə edilib. Araşdırmada həmin dövrdə gündəlik orta saç tökülməsinin qış ayları ilə müqayisədə iki dəfədən çox olduğu bildirilib.
Daha geniş araşdırmalardan biri isə 823 sağlam qadının altı il ərzində aparılmış trixoqram məlumatlarını əhatə edib. Nəticələrdə saçların “telogen”, yəni istirahət mərhələsində olma faizinin yay aylarında yüksəldiyi, daha sonra isə mövsümi tökülmənin artdığı müəyyənləşdirilib. Yaz aylarında da ikinci, lakin daha zəif mövsümi dəyişiklik müşahidə olunub.
Bəs bunun səbəbi nədir?
Mütəxəssislərdən biri olan dermatologiya üzrə ədəbiyyatda mümkün izahlardan biri yay aylarında ultrabənövşəyi şüalara daha çox məruz qalmanın saç follikullarına təsiri və bunun bir neçə ay sonra tökülmə kimi özünü göstərməsidir. Bu mexanizm tam olaraq sübut edilmiş yekun izah kimi qəbul edilmir, lakin mövsümi saç tökülməsinin mümkün səbəblərindən biri kimi araşdırılıb.
Başqa sözlə, sentyabrda gördüyümüz saç tökülməsinin səbəbi mütləq sentyabrda baş verən hadisə olmaya bilər. Saç follikulunun dövrü gecikmə ilə işlədiyindən yay aylarında baş verən dəyişikliklərin təsiri sonrakı aylarda nəzərə çarpa bilər.
Amma burada vacib bir məqam var: hər mövsümi saç tökülməsini normal hesab etmək olmaz.
Amerika Dermatologiya Akademiyasına görə, sağlam insanlarda gündə təxminən 50-100 saç telinin tökülməsi normal hesab olunur. Bundan xeyli artıq və davamlı tökülmə isə artıq həddindən artıq saç tökülməsi ola bilər.
Xüsusilə son aylarda yüksək hərarətlə müşayiət olunan xəstəlik, güclü stress, sürətli çəki itkisi, ciddi pəhriz, doğuş və ya əməliyyat kimi hallar yaşanıbsa, saç tökülməsinin səbəbi yalnız mövsüm olmaya bilər. Belə vəziyyətlər “telogen effluvium” adlanan müvəqqəti, diffuz saç tökülməsinə səbəb ola bilər. Dermatoloji mənbələrdə bu vəziyyətin tetikleyici hadisədən bir neçə ay sonra ortaya çıxa bildiyi qeyd olunur.
Qidalanma da burada mühüm rol oynaya bilər. Elmi ədəbiyyatda ciddi zülal çatışmazlığı, kəskin kalori məhdudiyyəti və bəzi qida çatışmazlıqları ilə telogen effluvium arasında əlaqə göstərilib. Buna görə saç tökülməsini görən kimi özbaşına vitamin və mineral qəbul etmək əvəzinə səbəbin müəyyənləşdirilməsi daha məqsədəuyğundur.
Saç tökülməsinin başqa səbəbləri də ola bilər. Məsələn, irsi tipli saç seyrəlməsi, qalxanabənzər vəzlə bağlı problemlər, bəzi dərmanlar, dəmir ehtiyatlarının azalması, autoimmun xəstəliklər və digər dermatoloji vəziyyətlər saç tökülməsinə səbəb ola bilər. Diffuz saç tökülməsində əsas səbəbi müəyyənləşdirmək üçün həkim anamnezə və lazım gəldikdə müayinələrə baxır.
Maraqlısı isə odur ki, saç tökülməsi ilə bağlı narahatlıq insanın psixoloji vəziyyətinə də təsir edə bilər. Buna görə saçın daraqda əvvəlkindən çox görünməsi avtomatik olaraq “keçəlləşirəm” demək deyil. Mövsümi tökülmə ilə davamlı saç itkisini bir-birindən ayırmaq vacibdir.
Əgər saç tökülməsi qısa müddətli və mövsümi xarakterlidirsə, adətən proses zamanla azalır. Amerika Dermatologiya Akademiyası həddindən artıq tökülmənin səbəbi aradan qalxdıqdan sonra saçların əvvəlki sıxlığına qayıtmasının aylar çəkə biləcəyini bildirir.
Ona görə də payızda saç darağında bir qədər artıq saç görmək dərhal panikaya səbəb olmamalıdır. Ancaq tökülmə nəzərəçarpacaq dərəcədə artıbsa, uzun müddət davam edirsə, saçın müəyyən nahiyələrində seyrəlmə və ya keçəlləşmə ocaqları yaranırsa, baş dərisində qaşınma, ağrı və ya qabıqlanma varsa, bunu sadəcə “payız tökülməsi” kimi qiymətləndirmək düzgün deyil. Belə hallarda dermatoloq müayinəsi vacibdir.
Aydan Hacı
Telegram kanalımız