Ailəli olduğu halda anası ilə eyni yatağı paylaşan kişilər var və bu, ana-övlad münasibətlərində həddindən artıq bağlılığın göstəricisi ola bilər.
“Yeni Sabah” xəbər verir ki, psixoterapevt Fidan Əsgərova MTV-də qonaq olarkən ailədaxili münasibətlərdə yaranan problemlər, ana-oğul bağlılığı və 40 yaş sindromu ilə bağlı fikirlərini bölüşüb.
Psixoterapevt bildirib ki, bəzi anaların oğullarına həddindən artıq bağlılığı onların ailə həyatına mənfi təsir göstərir. Onun sözlərinə görə, belə hallarda ana özünü oğlunun həyatında birinci planda görür və gəlinin həyat yoldaşına qayğı göstərməsinə belə imkan vermir. Elektronika məhsulları
“Anası ilə yatan bəylərimiz var. Yəni ailəlidir, amma anası ilə yatır. Bu, asılılıq problemidir. Anaların oğlan uşaqlarını həddindən artıq qoruması, onlara ifrat sevgi göstərməsi nəticəsində belə hallar yaranır. Ana özünü birinci planda görür və imkan vermir ki, həyat yoldaşı ona qayğı göstərsin. Əsasən ailədə problemlər birinci valideyndən başlayır”, – deyə F.Əsgərova qeyd edib.
O, ailə münasibətlərinə mənfi təsir göstərən digər amilin telefon asılılığı olduğunu vurğulayıb. Psixoterapevtin sözlərinə görə, telefon istifadəsi ər-arvad arasında ünsiyyəti zəiflədir, tərəflər bir-birlərinə deməli olduqları sözləri belə ifadə etməməyə başlayırlar. Nəticədə münasibətlərdə soyuqluq yaranır.
F.Əsgərova, həmçinin 40 yaş sindromunun həm qadınlara, həm də kişilərə psixoloji təsir göstərdiyini bildirib. Onun fikrincə, bu yaş dövründə insanlar münasibətlərini yenidən nəzərdən keçirə, yeni sevgi axtarışına çıxa və ya mövcud münasibətlərinə daha fərqli yanaşa bilərlər.
“40 yaş sindromu istər qadına, istər kişiyə mütləq şəkildə təsir edir. Həmin dövrdə xanım istəsə, öz bəylərini yenidən özünə cəlb edə bilər, istəsə, onu buraxa bilər. Bəy başqa bir xanımı sevə bilər. Bu, xanımlara da aiddir. Həmin yaş dönəmində ikiqat sevgi yaşaya və ya ikinci sevgini axtarmağa başlaya bilərlər. Bu yaş dövrü insanlara emosional və psixoloji baxımdan çox təsir göstərir”, – deyə psixoterapevt bildirib.
O, 38–40 yaş aralığında olan kişilərlə münasibətdə qadınların daha diqqətli və düşünülmüş davranmalı olduğunu da əlavə edib.
Aytac Əliyeva
Telegram kanalımız