Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin işə salınmasına başlanacaq. Bu isə hər il olduğu kimi, bir sualı yenidən gündəmə gətirir: soyuq havalarda evi necə isti saxlayaq ki, qaz və digər kommunal xərclər də çox artmasın?
“Yeni Sabah” xəbər verir ki, qışa hazırlıq yalnız kombini işə salmaqdan ibarət deyil. İstilik sisteminin əvvəlcədən yoxlanılması, radiatorların vəziyyətinə diqqət yetirilməsi, evdə istilik itkisinin qarşısının alınması və kombinin düzgün rejimdə işlədilməsi enerji sərfiyyatı baxımından əhəmiyyətlidir.
Bəs kombini qoşmazdan əvvəl hansı işləri görmək lazımdır? Radiatorları hər il yuduzdurmaq vacibdirmi? Dördpendirli pizza
İstilik mövsümündən əvvəl ən çox müzakirə olunan məsələlərdən biri radiatorların yuyulmasıdır. Lakin radiatorların hər il avtomatik şəkildə yuyulması mütləq tələb deyil.
Radiatorun içərisində zamanla lil, pas və digər çöküntülər toplanıbsa, isti suyun dövranı zəifləyə bilər. Bunun nəticəsində radiator tam qızmaya, bəzi hissələri soyuq qala və kombi evi istənilən səviyyədə qızdırmaq üçün daha uzun müddət işləyə bilər.
Əgər radiatorun üstü və ya müəyyən hissələri digər hissələrə nisbətən soyuqdursa, sistemdə səs yaranırsa və ya əvvəlki illərlə müqayisədə ev daha çətin qızırsa, istilik sisteminin mütəxəssis tərəfindən yoxlanılması məqsədəuyğundur.
Yəni yalnız qış gəlib deyə radiatorları yuduzdurmaq əvəzinə, əvvəlcə sistemin vəziyyətini yoxlatmaq daha düzgün yanaşmadır.
Radiatorda hava varsa, nə baş verir?
Radiatorun yuxarı hissəsinin soyuq qalması sistemdə hava yığılmasının əlaməti ola bilər. Hava radiatorun daxilində suyun normal dövr etməsinə mane olur və nəticədə istilikvermə azalır.
Bu halda radiatorun havasının alınması lazım gələ bilər. Lakin bu prosesdən sonra kombinin su təzyiqini də yoxlamaq vacibdir.
Kombini maksimum dərəcədə işlətmək qənaət deyil
Soyuq hava başlayanda bir çox insan kombini ən yüksək temperaturda işlədir. Halbuki evin istiliyini mümkün qədər sabit və komfortlu səviyyədə saxlamaq daha səmərəlidir.
Kombini tez-tez söndürüb-yandırmaq əvəzinə, evin istiliyinə uyğun rejim seçmək və temperaturu ehtiyaca görə tənzimləmək mümkündür. İstifadə olunmayan otaqlarda istiliyi azaltmaq da sərfiyyatı aşağı salır.
Ancaq otaqları tamamilə buz kimi saxlamaq da düzgün deyil. Həddindən artıq soyuq və rütubətli məkanlarda kif və nəmlik problemi yaranır.
Qaz pulunun artmasının səbəbi təkcə kombi deyil
Evdə istilik itkisi yüksəkdirsə, ən qənaətcil kombi belə gözlənilən nəticəni verməyə bilər.
Pəncərə və qapıların kənarlarından soyuq hava daxil olursa, otaqda yaranan istilik çölə çıxır. Buna görə qış başlamazdan əvvəl pəncərələrin, qapıların və digər boşluqların yoxlanılması faydalıdır.
Xüsusilə küləkli havalarda pəncərə və qapıların kənarından hava gəlib-gəlmədiyini sadə şəkildə yoxlamaq mümkündür. Lazım gəldikdə izolyasiya tədbirləri görülə bilər. Lakin evdə havalandırma üçün nəzərdə tutulmuş yerləri bağlamaq olmaz.
Kombiyə də “qış baxışı” lazımdır
Kombi uzun müddət işləməyibsə, soyuqlar başlamazdan əvvəl onun texniki vəziyyətinin yoxlanılması da məsləhətdir.
Kombinin təzyiqi, radiatorların işləməsi, sistemdə sızmanın olub-olmaması və cihazın ümumi vəziyyəti yoxlanılmalıdır. Problem ortaya çıxandan sonra usta axtarmaqdansa, istilik mövsümündən əvvəl profilaktik baxışdan keçirmək daha məqsədəuyğundur.
Qısası, qışa hazırlıq üçün əsas məqsəd kombini daha çox işlətmək deyil, mövcud istilikdən maksimum səmərə əldə etməkdir. Radiatorların vəziyyətinin yoxlanılması, ehtiyac varsa təmizlənməsi, havanın alınması, kombinin düzgün tənzimlənməsi və evdə istilik itkisinin azaldılması qaz sərfiyyatının nəzarətdə saxlanmasına kömək edə bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız