Səudiyyə Ərəbistanı Pro Liqasının 9-cu turunda "Əl-Nəsr" səfərdə "Əl-Əhli"nin qonağı olub. Ciddədə yerləşən "King Abdullah Sports City" stadionunda keçirilən gərgin qarşılaşma meydan sahiblərinin 3:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, matça fəal başlayan qonaqlar 14-cü dəqiqədə hesabı açıblar. Samu Kostanın ötürməsindən sonra Kriştianu Ronaldo adını tabloya yazdıraraq "Əl-Nəsr"i önə keçirib. Cəmi dörd dəqiqə sonra, 18-ci dəqiqədə portuqaliyalı ulduz penalti zərbəsindən yararlanaraq fərqi artırmaq şansı qazansa da, onun zərbəsi qapı dirəyinə dəyərək qeyri-dəqiq alınıb. İlk hissənin sonuna əlavə olunmuş dəqiqələrdə (45+1) İvan Toninin ötürməsini qola çevirən Venderson Qaleno hesaba tarazlıq gətirib.
İkinci hissədə təşəbbüsü ələ alan "Əl-Əhli" 71-ci dəqiqədə penalti hüququ qazanıb və İvan Toni 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb. Dörd dəqiqə sonra isə Qalenonun ötürməsini tamamlayan Rocer İbanyes görüşdə son nöqtəni qoyub. Məişət texnikası
Beləliklə, Kriştianu Ronaldonun qol vurmasına baxmayaraq, "Əl-Nəsr" 1:3 hesabı ilə uduzaraq çempionatda bu mövsüm ikinci məğlubiyyətini alıb.
Nazim Hacıyev
Telegram kanalımız