26 May - 00:52
Sonsuz sıfırlar, ya da sadəcə “O”… 

Sonsuz sıfırlar, ya da sadəcə “O”… 

Yazar

19 Dek 2021 08:38


- 5 mator “Range Rover” vardı, ucuz qiymətə idi, cəmi 50 min dollar...

Süfrə arxasındaklı dostu sözünü yarımçıq kəsdi. O da biznes adamı idi...

- Deyəydin də.

-  Sənə niyə deyim ki,  özüm aldım.  İndi o maşını 60 minə istəyən var...

- Həəəə. Xeyirli olsun...

Tam bir bazar süfrəsi idi. Uzun illərin dostları süfrə arxasında oturmuşdu. Bir tək o bu bazardan uzaqdaydı. Onun ruhu, yaşayışı və həyat fəlsəfəsi tamam başqa idi. Onun üçün bu bazar əhvalatı tamam yad idi. Bazar adamı deyildi. Əslinə baxsan, heç bu dünyanın da adamı deyildi. Sadəcə, dostları bu bazarın səriklərinə çevrilmişdilər. Təkcə dostlarımı? Evində də eyni market açılmışdı.

Bu tipli söhbətləri çox eşitmişdi. Ruhu ədəbiyyat və fəlsəfi fikirlərlə qidalansa da, bu həyatın acı reallıqları ilə üz-üzə durmaq məcburiyyətində qalmışdı. Son model avtomobil, şəhərin ən prestijli yerində ev, nüfuz, şan və şöhrət. Onun ətrafı bunu arzulayırdı. 

Stop...

Arzulayırdı yox. Tələb edirdi. Vacib şərt kimi qarşısına qoymuşdu. Hədəf isə qeyri-müəyyən idi. Bir hədəfə çatdınsa, bu, son olmayacaqdı, növbəti hədəf bir az da böyük olacaqdı. Bu mütləq idi. Həqiqət idi. Doymayan bir həqiqət. Sonsuzluq...

Dostları danışırdı. Hər şeydən, vardan, puldan, maldan və mülkdən. O isə düşünürdü... 

Axı yaşadığı məmləkətdə bu müzakirə olunan məsələlərin heç bir dəyəri yoxdur. Axı dünən milyonları olan bir şəxs bu gün həbsxanadadır. Varı və yoxu əlindən alınıb. Etibarı və nüfuzu ayaqlar altındadır. Vaxtilə ona baş əyənlərə bu gün baş əymək məcburiyətindədir. Dünən böyük səlahiyyətləri olan adam bu gün sadəcə hava almaq üçün kiminsə mərhəmətinə sığınmaq məcburiyyətində qalıb. O, hər şeyi olduğu kimi görürdü. Olanları da, olacaqları da. 

Bütün bu reallıqları bilirdi. Əslində hər şeyin -  var və dövlətin, səlahiyyətin, qüdrətin bu coğrafiyada anılıq olduğunu dərk edirdi. Amma bunu heç kimə başa sala bilmirdi. Minlərlə izah və nümunələr gətirsə də, hər şey boş idi. Ondan tələb olunan başqa reallıqlar idi. 

Dostlar isə yenə də öz söhbətini davam etdirirdi...

Bahalı avtomobillər alınıb, satılırdı. Minlərlə dollar süfrə arxasında oynaşırdı. Sonsuz dövriyyədə fırlanırdı. 

O dostların heç birinin bir qəpiklik təfəkkürü yox idi. Adicə öz ana dilində öz adlarını yaza bilmirdilər. Orta məktəbi 2 ilə bitirmişdilər. Nə olsun ki? İndi sanki dünyanı idarə edən insanlara çevrilmişdilər. 

Heç o da dostlarından geridə deyildi. Əsilndə, onlardan çox irəli idi. Həm maddi, həm də mənəvi baxımdan. Amma nə maddiyatını, nə də mənəviyyatını gözə soxmamışdı. Fərqlənmək istəməmişdi...

Amma...

Dostları arasında göstərdiyi bu susqunluğu ən yaxınlarına göstərə bilmirdi. Yaxınlarından fərqli olaraq dostları ondan heç bir hesab sormurdu. Onun azı ilə də, çoxu ilə də, varı və yoxu ilə də, dedikləri və demədikləri ilə də hesablaşırdılar. Onun dünyasını olduğunu kimi qəbul edirdilər. Yuvasında isə vəziyyət bu qədər loyal deylidi.

Bu orta səviyyəli məclis başa çatdı. Dostların hərəsi öz evinə getdi. Məclisin bu sakit və bu  dünyadan uzaq adamı da öz avtomobilinə əyləşdi. Təkbaşına. Yol qaranlıq idi və o, yalnızdı. O, qaranlıqda doğulmuşdu, onu qaranlıq böyütmşdü və bu qaranlıq şəhərdə parlaq işıq onu qorxudardı. 

Onu anlayacaq kimsə yox idi...

Amma, onun düşüncələri dar deyildi. Bu düşüncələrin sonu hərdən sonsuz sıfırlarla dolu olardı. Bəzən də sadəcə sıfır mövcud idi. Axı sıfır həm də “O”  kimi oxunur. O isə təkdir. Və hər kəsin yolu “O”ndan keçir. Gec ya da tez...

Elnur Məmmədli


Youtube kanalımız


Digər xəbərlər