Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Sürüşən yeyinti
18 Noy 2021 10:08
1925

Sürüşən yeyinti

Jurnalistlərə bina tikintisində vəsaitləri basıb yeyən bir qrupun məhkəməsi gedir. İndi onlar iddia edir ki, pulları başqaları yemişdir, əslində hamballıq ediblər, əllərində hansısa səlahiyyət-zad olmayıbdır. Necə deyərlər, “Hitler əmr eləyirdi, biz də yəhudiləri qırırdıq, günahımız yoxdur”.

Bu, çox gülünc müdafiə üsuludur. Əgər bina tikintisində kağızlarda, sənədlərdə sənin imzan varsa, şişirdilmiş ödənişlərin, bank qəbzlərinin, nağdlaşdırılıb oğurlanan büdcə pullarının altında sənin əl izlərin düşübsə, günahı başqasının boynuna atmağın mənası nədir? Əlbəttə, formal olaraq biz də bilirik ki, bu adamlar suç keçisidir, təsisçilər, iri canavarlar, rəhmətlik “Qara polkovnik” Hacı Məmmədov demişkən, “sprutun əsas qolları” başqalarıdır. Ancaq bunu isbat eləmək mümkündürmü? Bizim məmləkətdə tülkü tülkülüyünü isbat edincə, dərisi boğazından çıxarılır, gəl gör hansısa keçmiş oliqarx məmurun şirkətində suç keçisi olasan. Həm də bizdə “kazyolluq” ikiqat şərəfsiz işdir. Bunu boynuna almısansa, axıracan dözməlisən.

Hazırda başqa oliqarx-məmurlar üçün çirkli kassa, pulyuyan maşın rolu oynayan tiplər də dərs almalıdır. İbrətlik hadisələrdir. Təsisçi aradan cırıb, hardasa kef edir, kağızlara imza atan “buxaltırlar” isə türmədə mələşir. Saxtakarlığa şərik olmağın axırı budur.

Həm də cinayət məcəlləsinə görə məsuliyyət cinayət yoluyla qazanılanların miqdarı ilə yanaşı bəzən bu işlərdə iştirakın səviyyəsinə də aid olur (cümlədə yeyinti eləmişəm, ona görə çətin anlaşılır). Bir az açıqlasam, elə bil dəstə halında oğurluğa getmisiniz, biri taksidə oturub, başqası binanı güdüb, üçüncüsü evdən qızılları aparıb. Burada üçü də məsuliyyət daşıyır. Ötən aylarda Bakıda belə cinayət işi olmuşdu, alpinist kimi damlardan düşüb evləri soyan gənci tutmuşdular, onunla yanaşı binanı güdən və “alpinisti” obyektlərə daşıyan taksi sürücüsü də əlli-ayaqlı getdi. Halbuki, belə baxanda nə günahları vardı? Taksidə oturub, oğrunu gözləyib. Vəssalam. Ancaq nəinki bu cür passiv iştirak, cinayəti bilib xəbər verməmək də məsuliyyət yaradır. Vaxt gələcək bizim hamımızı bu maddə ilə tutacaqlar. Zarafat edirəm, qorxmayın. Ölkəmizdə güclü ədliyyə sistemi yaradılmışdır, günahsız adamları tutmurlar. Uzağı yıxıb yerə döyürlər. Bəzi hallarda. Qalan hallarda günahsız adamlar özləri uzanıb ölürlər. Doğrudan da, hökumətə niyə əziyyət verəsən? Onun işləri çoxdur. Hazırda əlillərin və pensiyaçıların azaldılması üzərində gərgin iş gedir. Çalışırıq 2022-ci ilə əlil və pensiyaçısı olmayan ilk dünya dövləti kimi girək. Bunu bacarsaq, respublikamızın adı tarixə qızıl hərflərlə yazılacaqdır!

Qayıdaq jurnalistlər üçün tikilən binanın əhvalatına. Həbs edilən yoldaşlardan biri məhkəmə iclasında maraqlı sözlər danışıb. Deyib, o binalar sürüşmə zonasında tikilib, ona görə özüllər adi qaydada bina tikintisindən fərqli olaraq daha çox xərc apardı. Projedə nəzərdə tutulandan çox beton işlətdik və sairə (yeyintini əsaslandırır).

Əcəbdir. Görəsən, sürüşmə zonasında ev tikməyə icazə verən rəsmi şəxslərin ağlı harada imiş? O binalar bir gün uçsa, araşdırmaçı jurnalistlərimizin əli qırılsa, növbəti yazıları kim yazacaq? Bəs Zərdabi ruhunun davamçıları necə olacaqdır? Hökumət bu kimi məsələlərə təcili əncam çəkməlidir. Sanki respublikada ayrı yer yox imiş, mətbuat mütləq sürüşmə zonasında məskunlaşmalı imiş. Burada hər hansı şüuraltı, ya da savadlı uşaqlar demişkən, subliminal mesaj yoxdur ki?

Ən qəşəng ifadəni isə nöqtə-vergülünə toxunmadan, hər hansı şərh etmədən bura qoyuram, oxucularımız da həzz alsın. Restoran müdiri Təmkin müəllim mətbuata ayrılan vəsaitlərin bayram tədbirləri zamanı təmkinli şəkildə yeyintisində suçlanır. O, məhkəmədə deyir: “Təkcə AzTV-dən dörd böyük maşında gəlirdilər, onlar başqa zalda otururdular. Nazirlər, vəzifəli şəxslər olurdu. Bəzi masalara bahalı içkilər qoyulurdu. Hesablama Palatası audit yoxlamasında bunları nəzərə almayıb”.

Zamin Hacı

Musavat.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər