Şirvan Kommersiya Məhkəməsi kredit borcunun mövcudluğunun zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinə avtomatik qadağa qoyulması üçün kifayət etmədiyi qənaətinə gəlib.
“Yeni Sabah” xəbər verir ki, məhkəmədə bankın borcalanın kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə zaminin mülkiyyətində olan iki avtomobilin özgəninkiləşdirilməsinin qadağan olunması barədə ərizəsinə baxılıb.
İş materiallarına əsasən, bankla borcalan arasında bağlanmış müqavilə çərçivəsində 500 min manat kredit limiti müəyyən edilib. Həmin limit daxilində borcalana illik 22 faizlə, 18 ay müddətinə 30 min manat kredit verilib. Kredit öhdəliyinin icrasının təmin edilməsi üçün başqa bir fiziki şəxslə zaminlik müqaviləsi bağlanıb. Marqarita pizza
Bankın təqdim etdiyi arayışa görə, borcalanın kredit üzrə 29 764,93 manat borcu qalıb. Bank gələcəkdə borcun tutulması ilə bağlı iddia qaldıracağını bildirərək zaminin mülkiyyətindəki iki avtomobilin üçüncü şəxslərə satılmasının və ya başqa formada özgəninkiləşdirilməsinin qadağan olunmasını istəyib.
Bank hesab edib ki, avtomobillərin başqalarının adına keçirilməsi gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər.
Lakin Şirvan Kommersiya Məhkəməsi bankın bu ehtimalı təsdiqləyən konkret sübutlar təqdim etmədiyini müəyyən edib. Belə ki, zaminin avtomobilləri satmağa hazırlaşması, onları başqa şəxslərin adına keçirməsi, əmlakı gizlətməsi və ya gələcək məhkəmə qərarının icrasına mane ola biləcək digər hərəkətlər etməsi barədə sübutlar olmayıb.
Məhkəmə vurğulayıb ki, kredit borcunun mövcudluğu və ya öhdəliyin pozulması özlüyündə zaminin əmlakına müvəqqəti qadağa qoyulması üçün əsas deyil. Bunun üçün gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək real və konkret təhlükə əsaslandırılmalıdır.
Qərarda, həmçinin bankların peşəkar kredit təşkilatları kimi kredit verilərkən borcalanın ödəmə qabiliyyətini, kredit risklərini və öhdəliyin təminat mexanizmlərini əvvəlcədən qiymətləndirmək imkanına malik olduğu qeyd edilib.
Məhkəmənin mövqeyinə görə, müvəqqəti təminat tədbiri kredit müqaviləsinin təminat mexanizmini sonradan dəyişdirmək və ya genişləndirmək vasitəsi deyil. Bankın kredit verilərkən lazımi qaydada formalaşdırmalı olduğu təminat mexanizmini sonradan məhkəmə vasitəsilə yaratmağa çalışması yolverilməzdir. Zaminin mülkiyyətində əmlakın olması da həmin əmlaka avtomatik sərəncam qadağası qoyulmasına əsas vermir.
Məhkəmə bildirib ki, bu mərhələdə borcun tutulması və zaminin məsuliyyəti məsələləri deyil, yalnız müvəqqəti təminat tədbirinin tətbiqi üçün prosessual əsasların olub-olmaması qiymətləndirilir.
Beləliklə, Şirvan Kommersiya Məhkəməsi bankın ərizəsini rədd edib. Şirvan Apellyasiya Məhkəməsi də bankın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb.
Aytac Əliyeva
Telegram kanalımız