Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev hərbi qulluqçuların yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində aylıq müavinət ödənilməsinin təklif olunduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, komitə sədrinin sözlərinə görə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinətinin verilməsi nəzərdə tutulur.
Bundan əlavə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114 və 135-ci maddələrinə uşağa qulluq məsələləri ilə bağlı əlavə və dəyişikliklər təklif edilir. Eyni zamanda, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 87 və 88-ci maddələrinə, eləcə də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38-ci maddəsinə müvafiq düzəlişlərin edilməsi planlaşdırılır. Elektronika məhsulları
A.Nağıyev qeyd edib ki, irəli sürülən qanunvericilik təşəbbüsləri hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, xidmət şəraiti ilə əlaqədar yaranan məşğulluq çətinliklərinin aradan qaldırılmasına və müvafiq normativ-hüquqi aktların təkmilləşdirilməsinə xidmət edir.
Nazim Hacıyev
Telegram kanalımız