Microsoft şirkətində ötən həftə baş verən qlobal nasazlığın səbəbi məlum olub. Milyonlarla istifadəçinin elektron poçtuna və digər xidmətlərə girişini məhdudlaşdıran problemin arxasında üç əsas amil dayanıb.
“Yeni Sabah” xəbər verir ki, Microsoft şirkəti yayımladığı ilkin hesabatda nasazlığın səbəblərini açıqlayıb. Bildirilib ki, problemə aylar əvvəl yaranmış proqram xətası, daxili şəbəkə bağlantılarında nasazlıq və server gücünün azalması səbəb olub. Şirkətin açıqlamasına görə, bu üç amil eyni vaxtda baş verdiyi üçün sistemlərdə ciddi yüklənmə yaranıb və serverlər istifadəçilərin sorğularına cavab verə bilməyib.
Nasazlıq ötən həftənin cümə axşamı ABŞ-də istifadəçilərin Outlook elektron poçtuna daxil olmaqda çətinlik çəkməsi ilə başlayıb. Problem növbəti gün də davam edib və dünyanın müxtəlif ölkələrində milyonlarla insan Microsoft 365 xidmətlərindən istifadə edə bilməyib. İnternet mağaza
Hadisə bir sıra sahələrdə də ciddi çətinliklər yaradıb. Bəzi xəstəxanalar sənədləşməni kağız üzərində aparmağa məcbur olub, məktəblər valideynlərlə əlaqə saxlamaqda çətinlik çəkib, polis bölmələri isə cinayət hadisələri ilə bağlı müraciətləri qəbul edə bilməyib. "Microsoft"un vitse-prezidenti Çarlz Lamanna bildirib ki, iyul ayından qalan gizli proqram xətası serverlərin həddindən artıq yüklənməsinə səbəb olub. Bununla yanaşı, Microsoft Teams üçün nəzərdə tutulan şəbəkə keçidlərindən birinin işləməməsi əsas keçidə düşən yükü artırıb.
Digər tərəfdən, əvvəlki gündən qalan başqa bir nasazlıq şirkətin server gücünün 14 faizdən çoxunu sıradan çıxarıb. Nəticədə artan sorğular və azalan server imkanları sistemin tam dayanmasına gətirib çıxarıb. Microsoft hadisənin kiberhücumla bağlı olmadığını bildirib. Şirkət daha ətraflı məlumatın yer alacağı yekun hesabatın da yayımlanacağını açıqlayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız