Litvada kilsədən oğurlanan qızıl İsa heykəli ilə bağlı qəribə hadisə baş verib. İki nəfər heykəli küçədə parçalayıb. Hadisə anı təhlükəsizlik kameralarına düşüb, şübhəlilərdən birinin kimliyi isə artıq müəyyən edilib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Litvanın paytaxtı Vilnüsdə yerləşən İlahi Mərhəmət Kilsəsində baş verib. Noyabrın 11-də kilsədən oğurlanan qızıl İsa heykəli qısa müddət sonra şəhərin Köhnə Şəhər adlanan hissəsindəki küçələrdən birində parçalanmış vəziyyətdə tapılıb.
“The Independent” nəşrinin məlumatına görə, təhlükəsizlik kameralarının görüntülərində iki nəfərin heykəllə küçədə hərəkət etdiyi görünür. Onlardan biri gülərək heykəli digərinə tərəf qaldırır. Bir qədər sonra heykəlin qolları qoparaq parçalanır. Şübhəlilərdən birinin baş verənləri mobil telefonla lentə aldığı bildirilir. Görüntülərdə digər şəxsin ingilis ləhcəsi ilə danışdığı da aydın eşidilir. Heykəl parçalandıqdan sonra onlar qalıqları hadisə yerində qoyaraq ərazidən uzaqlaşıblar. Sərfəli qiymətə məhsullar
Kilsənin rahibi Elijas Anatolijus Markauskas təhlükəsizlik kameralarının görüntülərini sosial şəbəkə hesabında paylaşaraq hadisəni törədən şəxslərin müəyyənləşdirilməsi üçün ictimaiyyətə müraciət edib. O, baş verənlərdən böyük kədər hissi keçirdiyini bildirib. Rahibin sözlərinə görə, heykəl sadəcə dini əşya deyil, həm də inanclı insanlar üçün böyük mənəvi məna daşıyır. Rahib Markauskas hadisəyə baxmayaraq nifrət hissinə qapılmamaq üçün dua etdiyini bildirib. O, heykəli parçalayan şəxslərin etdiklərinin fərqinə varmasını və Tanrının bağışlayıcı sevgisini tanımasını arzulayıb.
Parçalanmış heykəlin qalıqları əvvəlki yerinə qoyulub, ətrafı isə güllərlə bəzədilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız