Qida məhsullarının qanunsuz küçə ticarətinə nəzarət gücləndiriləcək.
“Yeni Sabah” xəbər verir ki, bu, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.
Sərəncama əsasən, qida məhsullarının qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi nəzərdə tutulub. Proqramda bu istiqamət qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi çərçivəsində prioritet tədbirlərdən biri kimi müəyyən edilib. pizza
Sənəddə qeyd olunur ki, qida təhlükəsizliyi insanların sağlamlığına və iqtisadi inkişafa birbaşa təsir göstərən strateji sahədir. Yeni qida texnologiyalarının inkişafı, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi və iqlim dəyişikliyi kimi amillər bu sahədə nəzarət mexanizmlərinin daha da gücləndirilməsini zəruri edir. Dövlət Proqramına əsasən, qida müəssisələrində təhlükəsizlik standartlarının tətbiqinin genişləndirilməsi ilə yanaşı, qanunsuz küçə ticarətinə qarşı mübarizə tədbirləri də artırılacaq.
Proqramda vurğulanır ki, qarşıdakı illərdə qida məhsullarının qanunsuz küçə satışının qarşısının alınması istiqamətində nəzarət gücləndiriləcək. Bununla yanaşı, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması mexanizminin formalaşdırılması da planlaşdırılır. Məqsəd istehlakçılara təqdim olunan məhsulların təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək, mənşəyi və saxlanma şəraiti məlum olmayan qidaların satışından yarana biləcək riskləri minimuma endirməkdir.
Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin qida təhlükəsizliyi sisteminin səmərəliliyinin artırılmasına, istehlakçıların sağlamlığının qorunmasına və qida bazarında şəffaflığın gücləndirilməsinə xidmət edəcəyi bildirilir.
Nazim Hacıyev
Telegram kanalımız