Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev gələn il nazirliyin fəaliyyət istiqamətləri üzrə sosial ödənişlərin, tibbi sığorta xərclərinin və haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 5 milyard 503 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, nazir 2027-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclərin cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz artırılaraq 18,7 milyard manat həcmində proqnozlaşdırıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, sosial yönümlü xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 44,2 faizə, ümumi daxili məhsuldakı (ÜDM) payı isə 13,3 faizə çatacaq, sosial müdafiə və sosial təminat xərcləri üçün isə ümumilikdə 4 milyard 914 milyon manat vəsait ayrılacaq.
A.Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə nəzərdə tutulan 5 milyard 503 milyon manatın bölgüsünü açıqlayaraq bildirib ki, bu məbləğin 2,2 milyard manatı müavinət, təqaüd və kompensasiyaların, 470 milyon manatı sosial yardımların, 1,6 milyard manatı isə sığorta-pensiya sistemində dövlət büdcəsi öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində dövlət büdcəsi hesabına ödənilən sığorta haqları üçün 1,1 milyard manat, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsinə isə 133,2 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Onlayn mağaza
Son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən və ümumi maliyyə dəyəri 8 milyard manat olan beş böyük sosial islahat paketinin icra edildiyini xatırladan nazir 2027-ci ilin dövlət və icmal büdcəsi layihələrində altıncı sosial islahat paketi ilə bağlı da müvafiq maliyyə təminatının yaradıldığını vurğulayıb.
Çıxışında cari ilin ilk 10 ayının sosial göstəricilərinə də toxunan A.Əliyev hesabat dövründə pensiya ödənişlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 6,5 milyard manata, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərin isə 7,9 faiz artımla 1,1 milyard manata çatdığını qeyd edib. Nazir ölkə üzrə orta aylıq pensiyanın 596 manat, yaşa görə orta aylıq pensiyanın 634 manat təşkil etdiyini, orta aylıq əməkhaqqının isə 8 faiz yüksələrək 1173 manata çatdığını diqqətə çatdırıb.
Nazim Hacıyev
Telegram kanalımız