Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı çıxış edən deputat Razi Nurullayev mövcud sosial yardım mexanizmlərindən yararlana bilməyən, lakin real köməyə ehtiyacı olan ailələr üçün dövlət büdcəsində ayrıca fərdi sosial dəstək fondunun yaradılmasının zəruri olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari qeyd edib ki, müxtəlif bürokratik prosedurlar, gəlirlərin hesablanması qaydaları və digər qiymətləndirmə meyarları səbəbindən ağır maddi vəziyyətə düşən bir sıra ailələr mövcud ünvanlı sosial yardım sistemindən kənarda qalır. Onun sözlərinə görə, sosial yardımın təyin edilməsində ailənin əvvəlki dövrdəki gəlirləri əsas götürüldüyündən, ailə üzvünün ağır xəstələnməsi, iş yerini itirməsi və ya digər gözlənilməz hadisələr nəticəsində maddi durumu qəfil pisləşən vətəndaşlar operativ dəstək ala bilmirlər.
R.Nurullayev ağır xəstəlik, qəza, ailə başçısının vəfatı, qəfil gəlir itkisi və bu kimi fövqəladə hallarla üzləşən ailələrə təcili yardım göstərilməsi məqsədilə xüsusi fondun təsis olunmasını təklif edib. O, belə müraciətlərə qısa müddətdə baxılmasının və böhranlı vəziyyətlərdə ilkin maliyyə dəstəyinin gecikdirilməməsinin vacibliyini vurğulayıb. Bakıda online alış-veriş
Çıxışında uzunmüddətli xəstəlik səbəbindən əmək qabiliyyətini müvəqqəti itirən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məsələsinə də toxunan deputat bəzi insanların aylarla müalicə aldığını, işləmək imkanından məhrum olduğunu, eyni zamanda ailənin gündəlik yaşayış və müalicə xərclərinin davam etdiyini diqqətə çatdırıb.
Parlamentarinin qənaətincə, bu kimi hallarda mövcud müavinətlərin yetərliliyi və əhatə dairəsi yenidən dəyərləndirilməli, uzunmüddətli müalicə dövründə itirilən gəlirin qismən kompensasiyası üçün əlavə sosial dəstək mexanizmləri tətbiq edilməlidir.
Nazim Hacıyev
Telegram kanalımız