“Qadın gözəllik salonlarında çox böyük anarxiya hökm sürür. Təəssüf ki, illər ərzində Azad İstehlakçılar Birliyi öz tərkibində qadın hərəkatı formalaşdıra bilməyib. Halbuki qadınların bu sahədə daha fəal olması vacibdir".
Bu sözləri “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Birliyin sədri qadın gözəllik salonlarında saç boyama, qaynaq və keratin prosedurları zamanı baş verən problemlərdən, o cümlədən saçların yandırılması hallarından danışıb.
“Təxminən, 20 il əvvəl bir qadının saçını yandırmışdılar. Biz həmin qadının saçının müalicə olunmasına kömək etdik. O, 20 gün Antalyada müalicə aldı. Həmin hadisədən sonra da kiçik şikayətlər olub. Bu şikayətlərin təxminən 70 faizini danışıq yolu ilə həll etmişik, yəni müştərilərin ödədikləri pulları geri qaytarmışıq. Şikayətlərin 30 faizini isə aidiyyəti dövlət qurumlarına göndərmişik. Lakin həmin qurumlardan vətəndaşlara məhkəməyə müraciət etmələri tövsiyə olunub”. Sezar pizza
O bildirib ki, salonlarda qiymətlər həddindən artıq bahadır:
“Gözəllik salonları ilə bağlı narazılıq yaradan əsas problemlərdən biri xidmət qiymətlərinin həddindən artıq yüksək olmasıdır. İkinci problem ödənilən pulun qarşılığında lazımi keyfiyyətdə xidmət göstərilməməsidir. Üçüncü problem bu sahədə qeyri-peşəkar şəxslərin fəaliyyət göstərməsidir. Dördüncü isə saxta vasitə və materiallardan istifadə olunmasıdır.
Məsələn, son müraciətlərdən birində qadına saç qaynağı edilmişdi. Saçlar elə yapışdırılmışdı ki, qadının başına ağırlıq verirdi və onları çıxarmaq mümkün olmurdu”.
Onun sözlərinə görə, son illər daha bir problem yaranıb. Bəzi gözəllik salonları xidmət haqqını ödəyə bilməyən müştərilərə qeyri-bank kredit təşkilatlarından borc götürməyi təklif edirlər:
“Son iki ildə daha geniş yayılan başqa bir problem də var. İnsanların hansısa məhsulu almağa və ya gözəllik salonunun xidmətindən istifadə etməyə pulu çatmayanda, qeyri-bank kredit təşkilatları onlara kredit təklif edir. Gözəllik salonları da müştərilərə bu cür kreditlərdən yararlanmağı təklif edirlər.
Bizə daxil olan sonuncu şikayətlərdən birində qadın 280 manat kredit götürərək saçına qaynaq etdirib. Lakin saçlar başına ciddi ağırlıq verdiyindən narahatlıq yaranıb. Bu məsələni danışıq yolu ilə həll edə bilmədik. Çünki burada artıq üçüncü tərəf – qeyri-bank kredit təşkilatı da iştirak edirdi. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etdik. Lakin məsələ həllini tapmadı və vətəndaşa məhkəməyə müraciət etmək tövsiyə olundu. Nəticədə həmin qadın başındakı ağrı və narahatlığa baxmayaraq, krediti ödəməyə məcbur qaldı.
Hazırda bazarda istehlakçıların asanlıqla kredit əldə etməsi üçün imkan yaradan belə subyektlər var. Onların fəaliyyəti insanların ehtiyaclarından sui-istifadə edilməsinə və əlavə problemlərlə üzləşməsinə səbəb olur”.
E.Hüseynov ölkədə istehlakçı hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərin olduğunu deyib:
“Ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. Sahibkarlıq subyektlərinin yoxlanılmasının qarşısının alınması ilə bağlı dövlət siyasətində müəyyən səhvlər var. Şikayətlər daxil olduqda müvafiq yoxlamalar aparılmalıdır. Azad İstehlakçılar Birliyi də yoxlamaların ümumi sayının azaldılmasının tərəfdarıdır. Heç kim sahibkardan rüşvət tələb etməməlidir. Çünki sahibkar verdiyi rüşvəti öz cibindən ödəmir. Korrupsiya və rüşvət xərcləri də nəticədə istehlakçıların hesabına qarşılanır.
Təəssüf ki, bəzi biznes qurumları mövcud vəziyyətdən sui-istifadə edirlər. Sanki bazara nəzarət edən dövlət qurumları da bu vəziyyətlə barışıb və sahibkarlıq subyektlərinə müdaxilə etməmək prinsipini əsas götürürlər. Hesab edirəm ki, bu, yanlış siyasətdir.
Mən həmin sənədi hazırlayan xarici təşkilatın nümayəndələri ilə görüşmüşəm və istehlakçı hüquqlarının sənəddə arxa plana keçirilməsinə ciddi etirazımı bildirmişəm. Şikayətlər olduqda yoxlamalar aparılmalı, dövlət qurumları prosesə müdaxilə etməli və istehlakçıların hüquqlarını müdafiə etməlidir.
Bütün bu problemlərin əsas səbəblərindən biri də ölkədə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin köhnəlməsidir. Müvafiq qanun 1995-ci ildə qəbul olunub və o vaxtdan bəri dəyişdirilməyib. Halbuki həyat da, bazar münasibətləri də dəyişib, qanun isə yenilənməyib.
Azərbaycan tarixində ilk dəfə olaraq, təxminən 30 ildən sonra, 20 gün əvvəl Milli Məclisdə istehlakçı hüquqları haqqında qanunun dəyişdirilməsinin vacibliyi məsələsi gündəmə gətirilib.
Saytınız vasitəsilə Milli Məclisin üzvlərinə təşəkkürümü bildirirəm. Parlamentdə 20-dən çox hüquqşünas və iqtisadçı var. Lakin görünür, onların bir qismi sahibkarlığın inkişafını istehlakçıların hesabına təmin etməyə çalışır. Sahibkarlıq inkişaf etməlidir, amma bu, istehlakçıların cibindəki son qəpiyin də alınması hesabına baş verməməlidir.
Belə hallarla qarşılaşan istehlakçılar 012-599-76-00 nömrəsi ilə əlaqə saxlayaraq Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız