Son illərdə kofe mədəniyyəti Azərbaycanda, xüsusən də paytaxt Bakıda sıçrayışlı inkişaf dövrünü yaşayır. Qəhvəxanaların addımbaşı artması, “take-away” (apar-get) konseptlərinin kütləviləşməsi göstərir ki, kofe içmək gənclər, işgüzar şəxslər və tələbələr üçün artıq sadəcə vərdiş deyil, gündəlik həyat rritminin ayrılmaz hissəsidir. Lakin bu vərdişin kütləviləşməsi onun maliyyə tərəfini – vətəndaşın cibinə və aylıq büdcəsinə etkisini gündəmə gətirir.
“Yeni Sabah”ın araşdırması göstərir ki, ölkə üzrə orta aylıq nominal əməkhaqqının təxminən 1000 manat civarında olduğunu nəzərə alsaq, gündəlik kofe xərci ailə büdcəsində az pay tutmur. Bakıdakı orta səviyyəli kofe şəbəkələrində bir fincan kofenin (Kapuçino, Latte və s.) qiyməti 5-8 manat arasında dəyişir. Hər iş günü xaricdən cəmi 1 fincan kofe alan vətəndaş ayda orta hesabla 110-176 manat xərc çəkir. Bu isə orta aylıq əməkhaqqının 11-17 faizi deməkdir. Rəqəmlər göstərir ki, kofeni dəniz qırağında və ya kafedə içmək orta gəlirli şəxs üçün artıq “xırda xərc” deyil, ciddi maliyyə yüküdür.
Mütəxəssislərin fikrincə, kofe iş fəaliyyətini bərpa etmək üçün zəruri ehtiyac kimi qəbul edilsə də, onun kafedən alınması iqtisadi baxımdan əlavə xərc hesab olunur. Çünki ödənilən məbləğin böyük hissəsi kofenin özünə deyil, obyektin icarə haqqına, xidmətə və ab-havaya gedir. Qiymətlərin kəskin artmasının əsas səbəbləri sırasına qlobal iqlim dəyişikliyi (Braziliya və Kolumbiyadakı quraqlıq), beynəlxalq logistika xərclərinin yüksəlməsi və yerli ticarət obyektlərinin yüksək icarə qiymətləri daxildir. Sezar pizza
Sərfəlilik müqayisəsi isə fərqli mənzərəni ortaya qoyur. Kafedə 1 fincanına orta hesabla 6.50 manat ödənilən kofeni evdə və ya ofisdə kapsul aparatla hazırladıqda bir fincanın maya dəyəri 1.20 manata, filter və ya dənə kofedən istifadə etdikdə 70-80 qəpiyə, həll olunan (instant) kofedə isə cəmi 30-40 qəpiyə düşür.
Rəqəmlər göstərir ki, gündəlik kofe vərdişini kafedən evə və ya ofisə köçürməklə vətəndaş ayda təxminən 110-130 manat, ildə isə 1300 manatdan çox qənaət edə bilər. Bu isə kofenin zərurət olduğunu, lakin onu harada və necə istehlak etməyin xalis büdcə planlaması məsələsi olduğunu sübut edir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız