Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib.
“Yeni Sabah” xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani iştirak ediblər.
Görüşün açılışında çıxış edən Zakir Həsənov Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının regional əməkdaşlığın uğurlu mexanizminə çevrildiyini bildirib. O qeyd edib ki, ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsində dövlət başçılarının dostluq münasibətləri mühüm rol oynayır. pizza sifarişi
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri təyyarə qəzasında şəhid olan hərbi qulluqçularla bağlı Yaşar Gülerə bir daha başsağlığı verərək türk xalqının dərdinə şərik olduqlarını bildiriblər.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Müasir dövrün çağırışları, regionun təhlükəsizliyinə təhdid yarada biləcək amillərlə mübarizə və bu istiqamətdə səylərin birləşdirilməsi məsələləri müzakirə edilib.
Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. “Eternity”, “Qafqaz Qartalı” və digər birgə təlimlərin hərbi əməkdaşlıq, təcrübə mübadiləsi və orduların müdafiə imkanlarının artırılmasında mühüm rol oynadığı qeyd olunub.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.
Görüşün sonunda yekun protokol imzalanıb və media nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Zakir Həsənov görüşlərin faydalı olduğunu bildirərək Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın inkişaf dinamikasından məmnunluğunu ifadə edib. O, tərəflərin əlaqələri bundan sonra daha da genişləndirmək və dərinləşdirmək niyyətində olduğunu qeyd edib.
Aytac Əliyeva
Telegram kanalımız