“Uber” şirkətinin əməkdaşlıq etdiyi “Fireworks AI” texnologiya platformasına qarşı təşkil olunan kiberhücum nəticəsində 150 minə yaxın istifadəçinin fərdi məlumatları sızdırılıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Oreqon ştatının Baş Prokurorluğuna təqdim edilən rəsmi sənədlərə görə, hadisə ümumilikdə 149 min 346 nəfərə təsir edib. Hakerlərin əlinə keçən məlumat bazasında sürücülərin adları, yaşayış ünvanları, doğum tarixləri və sürücülük vəsiqələrinin seriya nömrələri yer alır. “Uber” rəhbərliyi oktyabrın 9-da tərəfdaş şirkət tərəfindən insident barədə məlumatlandırıldığını və artıq zərərçəkmiş şəxslərə rəsmi xəbərdarlıqların göndərilməsinə başlanıldığını bəyan edib.
Proqramçılara açıq mənbəli süni intellekt modelləri təqdim edən “Fireworks AI” sistemlərinə icazəsiz daxil olan kiberdələduzlar müştərilərə məxsus informasiyaları kopyalayıblar. Maraqlıdır ki, eyni kiberhücumdan “Notion” və “Cursor” platformaları da zərər görüb və hər iki şirkət məlumat sızmasını rəsmi şəkildə təsdiqləyib. “Uber”in açıqlamasında qeyd olunur ki, cinayətkarlar “Fireworks AI”ın mövcud giriş məlumatlarından istifadə etdikləri üçün mühafizə mexanizmləri kənar müdaxiləni vaxtında müəyyən edə bilməyib. Məişət texnikası
“Fireworks AI” rəsmilərinin qənaətincə, hücumun arxasında maliyyə qazancı güdən kiberqruplaşma dayanır. Ehtimal olunur ki, hakerlər böyük dil modellərinə (LLM) çıxış verən oğurlanmış rəqəmsal açarları qara bazarda satışa çıxarmağı hədəfləyirlər. Hazırda heç bir qrup bu kiberinsidentin məsuliyyətini öz üzərinə götürməyib.
Xatırladaq ki, bu, cari ildə “Uber”in üzləşdiyi və ictimaiyyətə açıqlanan ikinci iri məlumat sızmasıdır. Belə ki, şirkət avqust ayında yükdaşıma bölməsi olan “Uber Freight” xidmətinin də haker hücumuna məruz qaldığını bildirmişdi.
Telegram kanalımız