“Bakılılar Günü” kimin təşəbbüsüdür? – “Məhəmməd ibn Xalid...”

saytların hazırlanması

Evə çatdırılma

“Bakılılar Günü” kimin təşəbbüsüdür? – “Məhəmməd ibn Xalid...”

Sosial

01 İyul 2026 16:30 227


İyulun 1-i sosial şəbəkələrdə “Bakılılar Günü” kimi qeyd olunur. Bu qeyri-rəsmi bayram elə məcazi fəzada yaranıb: “Odnoklassnik”də Arsen Petrosyan adlı şəxsin təşəbbüsüdür.

Ümumiyyətlə, Azərbaycanda şəhər günləri və ya yubileyləri keçirilmir. Təkcə Bakının deyil, Gəncə, yaxud Bərdənin təsis yubileyləri keçirilmir. Onların bina olduğu və ya ilk dəfə xatırlandığı hansısa əlyazmanın varlığından da söz açan görünməyib.

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq, mədəni irs mütəxəssisi Fariz Xəlilli “YeniSabah”a bildirib ki, Bakı şəhərinin yaranmasını hər hansı konkret tarixlə əlaqələndirmək elmi baxımdan düzgün deyil: Dördpendirli pizza

“Şəhərlər bir gündə yaranmır, uzun tarixi proses nəticəsində formalaşır. Bakı da istisna deyil. Şəhərin müxtəlif ərazilərində eneolit, antik və orta əsrlərə aid arxeoloji tapıntılar aşkar olunub. Bu tapıntılar Bakının çox qədim yaşayış məskəni olduğunu göstərsə də, onun məhz hansı gün və ya hansı ildə şəhər kimi yarandığını dəqiq deməyə əsas vermir”.

F.Xəlillinin sözlərinə görə, şəhər günü müəyyən edilərkən mütləq yaranma tarixi əsas götürülməyə də bilər:

“Dünyanın bir çox şəhərlərində şəhər günü yaşayış məntəqəsinin tarixində mühüm əhəmiyyət daşıyan hadisə ilə əlaqələndirilir. Bu, paytaxt elan olunması, mühüm tikilinin inşası və ya şəhərin tarixində dönüş nöqtəsi sayılan başqa hadisə ola bilər”.

Tarixçi qeyd edib ki, Bakı üçün rəsmi şəkildə xüsusi gün müəyyən ediləcəyi təqdirdə, bu məsələ aidiyyəti dövlət qurumlarının qərarı ilə həll oluna bilər:

“Əgər Bakı şəhəri üçün xüsusi bir gün müəyyənləşdirilməsi nəzərdə tutulursa, bunu Bakı Şəhər İcra Hakimiyyəti və ya digər aidiyyəti dövlət qurumların qərarlaşdırması mümkünüdür. Dövlət səviyyəsində belə bir tarix seçilərsə, şəhərin tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri əsas götürüləcək”.

Arxeoloq vurğulayıb ki, Gəncə, Bərdə və Qəbələ kimi qədim şəhərlərin yaşı da arxeoloji materiallar və yazılı mənbələr əsasında müəyyən edilir: "Qəbələnin 2500 illik tarixə malik olması barədə fikir Qafqaz Albaniyasının ilk paytaxtı olması, aparılmış arxeoloji qazıntılar və əldə olunan maddi-mədəniyyət nümunələrinə əsaslanır. Yazılı mənbələrdə bəzi hadisələrin il, ay, hətta günü göstərilsə də, şəhərlərin yaranması ilə bağlı belə dəqiq tarixlər hər zaman mövcud olmur”.

Onun fikrincə, əsas məsələ şəhərlərin tarixi və mədəni irsinin qorunmasıdır: "Hər hansı tarixi mütləq şəhərin yaranma günü kimi təqdim etmək zəruri deyil. Əsas məsələ şəhərin tarixi və mədəni irsinin qorunması, onun keçmişinə hörmətlə yanaşılmasıdır."

Müstəqil tədqiqatçı Cavid Ağa isə “Yeni Sabah”a bildirib ki, 1 iyulun “Bakılılar Günü” kimi qeyd olunmasının tarixi əsası yoxdur:

“Bu tarix 2000-ci illərdə internet forumlarında rusdilli “bakinets” adlandırılan istifadəçilərin təşəbbüsü ilə formalaşıb: Bildiyim qədərilə, həmin il iyulun 1-də bir qrup istifadəçi səsvermə yolu ilə özü üçün “bayram” müəyyənləşdirib. Sonradan bu tarix geniş yayılıb və son 20 ildə qeyd edilməyə başlanıb. Yəni “yubiley”in tarixi kökü yoxdur”.

Tədqiqatçı qeyd edib ki, Bakı, Gəncə və Bərdə kimi şəhərlərin yaranma tarixini dəqiq müəyyənləşdirmək olduqca çətindir:

“Qafqaz kimi qitələrin kəsişməsində yerləşən bir coğrafiyada yaşayış məntəqələrinin nə vaxt salındığını dəqiq demək mümkün deyil. Hər yeni arxeoloji qazıntı zamanı daha qədim mədəni təbəqələr aşkar edilir”.

Cavid Ağa bildirib ki, Gəncə ilə bağlı mənbələrdə fərqli tarixlər göstərilir:

“Bir sıra mənbələrdə Gəncənin 846-847-ci illərdə ərəb əmiri Məhəmməd ibn Xalidin bina etdiyi qeyd olunur. Digər mənbələrdə isə şəhərin əsası 659–660-cı illərə aid edilir. Fikrimcə, Gəncənin tarixi bunlardan daha qədimdir və mövcud mənbələr bunu qəti şəkildə müəyyən etməyə kifayət etmir."

Bərdə şəhəri ilə bağlı danışan tədqiqatçı qeyd edib ki, əsas məlumatlar Movses Kalankatlının əsərində yer alır:

“Mənbəyə görə, şəhərin ilk adı Firuzabad olub. Sonrakı dövrlərdə Partav adını alıb və zamanla “Bərdə” adı ilə günümüzə gəlib çatıb. Bununla belə, müasir tədqiqatçılar şəhərin yaranması ilə bağlı bəzi məlumatlara ehtiyatla yanaşırlar”

“Həm tarixçilər, həm də tədqiqatçılar hesab edirlər ki, Bakı və digər qədim şəhərlərin yaranmasını konkret gün və ya illə əlaqələndirmək elmi baxımdan mümkün deyil. Şəhərlərin yaşı əsasən arxeoloji tapıntılar, maddi-mədəni irs nümunələri və müxtəlif dövrlərə aid yazılı mənbələrin müqayisəli təhlili əsasında müəyyən edilir. Bu baxımdan, 1 iyulun "Bakılılar Günü" kimi qeyd olunması daha çox ictimai təşəbbüs xarakteri daşıyır və tarixi mənbələrlə təsdiqlənmir”, - deyə sonda C.Ağa qeyd edib.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!