2014-cü ildən etibarən Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb. 11 min 542 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib.
1978-ci ildən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza bürosunda ekspert kimi çalışmış Sərdar Cəlaloğlu bu mövzuda “Yeni Sabah”ın suallarını cavablandırıb.
– Meyidin kimliyinin müəyyənləşdirilməsi üçün ilk növbədə kimlər donor ola bilər? Marqarita pizza
– Əsas birinci dərəcəli qohumlar, yəni ailə üzvləridir: ata, ana, bacı, qardaş.
– Bəs yaxın qohumların heç biri həyatda yoxdursa, onda ikincidərəcəli qohumlar donor ola bilərmi?
– Elə olan halda ehtimal azalır. Çünki getdikcə oxşar genlər daha çox adamda müşahidə olunur. Ölən şəxsin kimliyini sadəcə ehtimal etmək mümkündür. Tam doğru nəticəyə gəlmək mümkün deyil. Burada yalnız ehtimallar nəzərə alına bilər.
– Meyitdən geriyə nə qalmalıdır ki, onun kimliyini tam şəkildə müəyyənləşdirmək olsun?
– Ölən şəxsdən ən uzun müddət geriyə qalan tükdür. Ən düzgün məlumatları da onunla müəyyənləşdirmək olur. Bununla ölən şəxsin, yaşını, cinsini, genetik məlumatlarını müəyyənləşdirmək və vəfat edən şəxs haqqında məlumatlar əldə etmək olur.
Adam təzəcə ölübsə, ondan qan və əzələ nümunələri götürmək olar. Belə olan halda analizin nəticələrinin doğruluq payı çox yüksək olur. Bir müddət sonra sümükdən də nümunələr əldə edilə bilər. Ən son variant kimi isə tük qalır. Bəzən sümük də uzun müddət ərzində qala bilir. O da baxır ölünün basdırıldığı yerə. Bəzən elə olur ki, çürümə sürətlə gedir.
– Bəs həmin analizlər tam olaraq neçə faiz düzlük payına sahibdir?
– Yaxın müddət ərzində vəfat edən şəxsin kimə aid olduğunu tapmaq asan olur. Aradan uzun müddət keçdikcə ehtimallar zəifləyir. Ekspertiza da 100-də 100 həmin şəxsin kimə aid olduğunu müəyyən edə bilmir. Sadəcə qohumlarla uyğunluq dərəcəsi müəyyənləşdirilir. Orada hansısa konkret fakt demək çətindir. Bir növ genetik kodların uyğunluğuna əsasən ehtimallar irəli sürülür. Konkret olaraq həmin şəxsin kimin oğlu və yaz qızı olduğunu demək çətindir.
– Tutaq ki, vəfat edən şəxsdən geriyə bircə parça qalıb. Qol, ayaq və s. o zaman nümunə kimi nə əsas götürülür?
– Orada nümunə kimi toxumalardan analiz üçün istifadə etmək olar. Bir müddət sonra isə yenə də sümüklərdən nümunə götürülə bilər.
– Bir insan yanaraq ölürsə, onda genetikanın müəyyənləşdirilməsi necə aparılır?
– Hər hansı bir şəxs yanaraq ölsə belə o tamamilə külə çevrilmir. Ən pis halda sümük hissələri də qalır. Yəni insanın tamamilə yanıb kül olması halı mümkün deyil. Ən pis halda belə bioloji mənşəli nələrsə tapılır.
– Tutaq ki, eyni yerdə iki əmi uşaqları yanaraq ölüb. Oların genetikasının eyni olması ekpertiza zamanı problem yaradırmı?
– Belə olan halda təbii ki, onların genetik faktorları eyni olacaq və valideynlərin hansı olduğunu müəyyənləşdirmək çətin olacaq. Hansı övladın kimə aid olduğunu yalnız ehtimallar və əldə olan konkret nümunələrlə müəyyənləşdirə bilərik.
Aydan Hacı
Telegram kanalımız