Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi ilə bağlı davam edən müzakirələr zamanı deputat Zahid Orucun səsləndirdiyi təklif iqtisadi dairələrdə birmənalı qarşılanmayıb. Deputatın qlobal korporasiyaların Azərbaycana cəlb edilməsi üçün hökumətin xüsusi proqram hazırlamalı olduğu barədə fikirlərinə iqtisadçı ekspert Natiq Cəfərli sərt reaksiya verib.
“Yeni Sabah” xəbər verir ki, iqtisadçı bu barədə “Facebook” hesabında paylaşım edərək, Milli Məclisdə gedən müzakirələrə toxunaraq qeyd edib.
Natiq Cəfərli deputatın Qazaxıstan və Özbəkistan nümunələrini gətirdiyi həmin sitatı xatırladıb: Sərfəli qiymətə məhsullar
“Bu gün Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında işləyən müəssisələrin sayı 65,5 mini keçib. Özbəkistanda da xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mini aşıb. Daşkənddə sənaye sahəsində 4 mindən, informasiya-kommunikasiya texnologiyaları sektorunda isə 1 800-dən artıq xarici kapitallı müəssisə fəaliyyət göstərir. ABŞ-nin "J.P. Morgan", "Citibank", Almaniyanın "Commerzbank" kimi nüfuzlu maliyyə qurumlarının da Daşkənddə nümayəndəlikləri var. Təklif edirik ki, dünyanın 100 ən iri korporasiyasının Azərbaycanda daimi təmsil olunmasını təmin etmək məqsədilə hökumət xüsusi fəaliyyət proqramı işləyib hazırlasın”.
Ekspert isə deputata və hökumət üzvlərinə müraciət edərək, bu yanaşmanı bəsit adlandırıb və xarici investorların Azərbaycana gəlməməsinin əsl səbəblərini açıqlayıb:
“Hörmətli Zahid müəllim və hökuməti dəstəkləyən deputatlar, dəyərli hökumət üzvləri, siz niyə elə bilirsiniz ki, dünyanı idarə edən korporasiyalar, böyük şirkətlər və banklar kar-kordurlar, nədən elə düşünürsünüz ki, onlar, məsələn, Qazaxıstanı və Özbəkistanı görürlər, öyrənirlər, amma Azərbaycanı görmürlər, bizim ölkə haqqında eşitməyiblər deyə, bura gəlmirlər?! Zahid müəllim, Siz düşünürsünüz ki, 100 ən iri şirkət qapımızda gözləyir, bir tək çatışmayan məsələ hökumətin fəaliyyət proqramının olmamağıdır?!”
Natiq Cəfərlinin sözlərinə görə, qlobal şirkətlərin araşdırma departamentləri hökumətlərin mərkəzlərindən daha peşəkar işləyir və ölkələrdəki real vəziyyəti dərindən təhlil edirlər:
“Hökumətin və bəzi deputatların iqtisadiyyat haqqında düşüncələri çox bəsitdir, elə bilirlər ki, iri şirkətlər, investorlar hökumətlərdən proqram gözləyirlər, ölkələri öyrənmirlər, bilmirlər. Zahid müəllim isə elə bilir ki, investorlara toya çağıran kimi dəvət göndərsən, onlar da gəlib “pul yazılıb”, gedəcəklər”.
İqtisadçı vurğulayıb ki, investorların ölkəyə gəlməsi üçün rəsmi proqramlar deyil, köklü sistem islahatları vacibdir:
“Azərbaycanın idarəetmə fəlsəfəsi, vergi-gömrük sistemi dəyişməsə, ən əsası, ədalətli və tez çalışan məhkəmə sistemi qurulmasa, investor gəlmir-gəlmək istəmir. Qazaxıstanda investorlar üçün ayrıca, ingilis dilində iqtisad məhkəmələri tətbiq edilib, Özbəkistanda isə biznesin işinə kənar müdaxilələrə görə çox böyük cəzalar nəzərdə tutulub”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız