Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat İlham Məmmədov regionların sosial-iqtisadi inkişafı məsələsinə toxunaraq, təmsil etdiyi Yevlax rayonunda genişmiqyaslı abadlıq, quruculuq və infrastruktur işlərinin davam etdiyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari rayonun şəhər və kəndlərinin qazlaşdırılması, eləcə də ucqar yaşayış məntəqələrinin müasir internet, televiziya və telefon rabitəsi xidmətləri ilə təmin olunması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Bununla yanaşı, İ.Məmmədov Yevlaxda əhalinin gündəlik həyatına təsir göstərən vacib nəqliyyat problemini gündəmə gətirib. O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun şəhər ərazisindən keçən hissəsi 12 minə yaxın sakinin yaşadığı böyük bir qəsəbənin şəhər mərkəzi ilə əlaqəsini ciddi şəkildə çətinləşdirir. İnternet mağaza
Deputatın sözlərinə görə, dəmir yolu xəttinin yaratdığı maneə səbəbindən sakinlər cəmi 25 metrlik məsafəni keçmək üçün 8-10 kilometr əlavə yol qət etməli olurlar.
İ.Məmmədov vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə həmin ərazidə yeraltı piyada keçidinin tikintisinə şərait yaradılmasını və müvafiq vəsaitin nəzərdə tutulmasını xahiş edib.
Nazim Hacıyev
Telegram kanalımız