Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Tural Gəncəliyev gələn ilin baş maliyyə sənədinin Azərbaycanın həyata keçirdiyi iqtisadi və siyasi kursun, strateji hədəflərin və gələcək inkişaf prioritetlərinin maliyyə təminatı olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari qeyd edib ki, layihədə dövlətin əsas prioritetləri kimi iqtisadi dayanıqlığın qorunub saxlanılması, əhalinin sosial rifahının gücləndirilməsi, müdafiə potensialının artırılması və işğaldan azad edilmiş ərazilərin bərpası ön plana çəkilib.
T.Gəncəliyev 2027-ci ildə sosial müdafiə və sosial təminat xərclərinin cari illə müqayisədə 7,9 faiz artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdıraraq, bunun dövlətin sosial öhdəliklərinə sadiqliyinin və əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələrinin və müharibə veteranlarının müdafiəsinə verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb. Digər mühüm istiqamət kimi müdafiə və təhlükəsizlik sahəsinə toxunan deputat ölkəmizin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə büdcədə 4 milyard manat vəsaitin nəzərdə tutulduğunu bildirib. Online shopping Azərbaycan
Büdcənin mühüm prioritetlərindən birinin də işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesi olduğunu qeyd edən parlamentari 2027-ci ildə dövlət əsaslı vəsait qoyuluşu üçün ümumilikdə 5,3 milyard manat ayrılmasının planlaşdırıldığını və bu vəsaitin böyük hissəsinin şəhər və kəndlərin yenidən qurulmasına, müasir infrastrukturun yaradılmasına, yaşayış evlərinin tikintisinə və tarixi-mədəni abidələrin bərpasına yönəldiləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu rəqəmlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qarşıya qoyduğu yeni tarixi mərhələnin konkret ifadəsidir.
Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin ölkənin müharibədən sonrakı inkişaf modelinin mühüm nümunəsi olduğunu vurğulayan T.Gəncəliyev təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitlərin insan kapitalının inkişafına xidmət etdiyini bildirib. O, bu istiqamətdə Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinin inkişafına xüsusi diqqət çəkərək, ali təhsil müəssisəsində 9 istiqamət və 9 ixtisas üzrə təhsil imkanlarının yaradılmasının, 5 minədək tələbənin yataqxana ilə təmin edilməsi planlarının bölgənin sosial, iqtisadi və intellektual həyatının canlanmasında mühüm rol oynayan strateji layihə olduğunu qeyd edib.
Nazim Hacıyev
Telegram kanalımız