Məişət zorakılığı ilə üzləşən qadınlar üçün sığınacaqlar bəzən təhlükəsiz həyata aparan ilk ünvan olur. Lakin sığınacaqda qalma müddəti başa çatdıqdan sonra onların harada yaşaması, necə iş tapması və müstəqil həyata necə başlaması sual doğurur.
Bəs dövlət həmin şəxslərin sığınacaqdan sonrakı həyatına dəstək göstərirmi?
Sosial Xidmətlər Agentliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, məişət zorakılığından zərər çəkən şəxslər üçün sosial reabilitasiya şöbəsi fəaliyyət göstərir: ShopByBro
“Məişət zorakılığı ilə üzləşən qadınların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, onların müstəqil həyata başlaması da vacib məsələlərdən biridir. Sığınacaqda qalma müddəti başa çatdıqdan sonra zərərçəkmiş şəxslərin işlə təmin olunması, sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dəstək göstərilir.
Şöbədə məişət zorakılığının qarşısının alınması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün ardıcıl işlər görülür. Burada zərərçəkmiş şəxslərin ailə üzvləri ilə birlikdə yaşaması üçün də şərait yaradılıb”.
Agentlikdən vurğulanıb ki, şöbədə məişət zorakılığının qarşısının alınması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində də ardıcıl iş aparılır:
“Məişət zorakılığı qurbanlarına göstərilən xidmət yalnız onların müvəqqəti sığınacaqla təmin olunması ilə məhdudlaşmır. Əsas məqsəd şəxslərin təhlükəsizliyini qorumaq, sosial reabilitasiyasını təmin etmək və onları müstəqil həyata hazırlamaqdır. Bu məqsədlə ilk növbədə zərərçəkmiş şəxsin fərdi ehtiyacları qiymətləndirilir, sosial işçi tərəfindən onun üçün Fərdi İnkişaf Planı hazırlanır. Həmin plan əsasında sosial-psixoloji, sosial-hüquqi, tibbi-sosial, sosial-pedaqoji və digər zəruri xidmətlər göstərilir.
Bununla yanaşı, zorakılıq qurbanlarına hüquqlarının müdafiəsi ilə bağlı hüquqi məsləhətlər verilir. Onların sosial müdafiə sənədlərinin hazırlanmasına, sosial müavinətlərin alınmasına, işlə təmin olunmasına və yeni peşələrə yiyələnməsinə kömək edilir.
Sığınacaqda qalma müddətinə gəlincə, bu müddət hər kəs üçün eyni qaydada müəyyən edilmir. Şəxsin istəyi, Fərdi İnkişaf Planında nəzərdə tutulan xidmətlərin icrası, təhlükəsizlik vəziyyəti və fərdi ehtiyacları nəzərə alınaraq qərar verilir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız