Bakı-Qazax avtomagistralında hərəkət edən yük avtomobilinin sürücüsünün səhhəti qəfil pisləşib. YPX əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində mümkün faciənin qarşısı alınıb.
“Yeni Sabah” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, hadisə avtomagistral üzərində yerləşən stasionar postda baş verib.
Belə ki, xidmət aparan Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşları posta yaxınlaşan yük avtomobilinin asta sürətlə və ziqzaqvarı hərəkət etdiyini müşahidə ediblər. Şübhəli vəziyyətlə əlaqədar avtomobil nəzarətə götürülərək saxlanılıb. İnternet mağaza
Sükan arxasında olan əcnəbi sürücü ilkin izahatında səhhətinin qəfil pisləşdiyini, halsızlıq səbəbindən yıxıldığını və avtomobili idarə etmək iqtidarında olmadığını bildirib.
Polis əməkdaşları dərhal sürücüyə ilkin tibbi yardım göstərib, hadisə yerinə təcili tibbi yardım briqadası çağırıblar.
Bir müddət sonra səhhəti normallaşan sürücü çətin vəziyyətdə ona kömək edən polis əməkdaşlarına təşəkkürünü bildirib.
BDYPİ qeyd edib ki, vətəndaşlara şəfqətlə yanaşmaq və onların təhlükəsizliyini təmin etmək polisin əsas vəzifələrindəndir.
İdarə son vaxtlar bu cür hadisələrin sayının artdığını nəzərə alaraq, səhhətində ciddi problem olan sürücülərə sükan arxasına əyləşməməyi tövsiyə edib. Bildirilib ki, belə vəziyyətdə avtomobil idarə etmək təkcə sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atır.
Aytac Əliyeva
Telegram kanalımız